Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏ

Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏAzərbaycan yeni geosiyasi xəritədə öz mövqelərini möhkəmləndirir

Dünya siyasətində baş verən fundamental dəyişikliklər, qlobal iqtisadi güc mərkəzlərinin coğrafiyasının yenidən formalaşması, beynəlxalq ticarət və logistika marşrutlarının strateji əhəmiyyətinin artması dövlətlərin xarici siyasət prioritetlərini də yeni müstəvidə müəyyənləşdirir. Bu reallıqda Azərbaycanın həyata keçirdiyi siyasət, xüsusilə Şərq istiqamətində genişlənən diplomatik əlaqələri, iqtisadi əməkdaşlıq təşəbbüsləri və nəqliyyat-logistika imkanları təsadüfi addımlar deyil, milli maraqlara söykənən uzunmüddətli strateji kursun ifadəsidir.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu baxımdan yalnız ikitərəfli münasibətlərin inkişafı ilə ölçülməməli, Azərbaycanın Şərq coğrafiyasında formalaşdırdığı geniş siyasi, iqtisadi və geosiyasi xəttin növbəti mühüm mərhələsi kimi dəyərləndirilməlidir. Pekindən Mərkəzi Asiyaya, oradan Pnompen, Vyentyan və Hanoya qədər uzanan diplomatik istiqamət Azərbaycanın yeni dünya nizamında öz mövqelərini gücləndirmək, tərəfdaşlıq coğrafiyasını genişləndirmək və Avrasiya məkanında strateji bağlantıların əsas iştirakçılarından biri olmaq məqsədinə xidmət edir.

YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi-strateji yanaşmanın mahiyyətində də məhz bu reallıq dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi kurs Azərbaycanın xarici təsirlərdən asılı olmayan, yalnız milli maraqlara, suverenliyə və müstəqil siyasi iradəyə əsaslanan siyasətinin yeni geosiyasi şəraitdə daha geniş imkanlarla davam etdirilməsini nəzərdə tutur. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra xarici siyasət gündəliyində yeni coğrafiyaların, yeni iqtisadi tərəfdaşların və yeni siyasi platformaların ön plana çıxması dövlətin strateji düşüncəsinin məntiqi nəticəsidir.

Böyük "İpək Yolu" nun tarixi mirası...

Azərbaycan-Çin münasibətlərinin strateji mahiyyətini yalnız bugünkü diplomatik təmaslar və iqtisadi anlaşmalarla izah etmək doğru olmazdı. Bu münasibətlərin arxasında tarixən formalaşmış daha geniş bir coğrafi, iqtisadi və mədəni bağlantı dayanır. Böyük İpək Yolu əsrlər boyu Şərqlə Qərbi birləşdirən, ticarətə, mədəniyyətlərarası dialoqa, elmi və texnoloji mübadiləyə imkan yaradan tarixi arteriya olub. Azərbaycan həmin tarixi marşrutun mühüm coğrafiyalarından biri kimi bu bağlantıların bərpasında və müasir dövrün tələblərinə uyğun yenidən qurulmasında mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda Böyük İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair mühüm qərarların qəbul edilməsi Azərbaycanın bu strateji ideyanın siyasi və institusional əsaslarının formalaşdırılmasında iştirakını göstərən tarixi hadisədir. Bu təşəbbüs o zaman yalnız nəqliyyat layihəsi kimi deyil, Avrasiya məkanında yeni iqtisadi və siyasi əməkdaşlıq imkanlarının yaradılması kimi nəzərdə tutulurdu.

Bu tarixi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha geniş miqyas və məzmun qazanıb. Çin tərəfindən irəli sürülən "İpək Yolu İqtisadi Kəməri" təşəbbüsündə Azərbaycanın iştirakı, 2015-ci ildə bu istiqamətdə imzalanmış memorandum və sonrakı mərhələlərdə nəqliyyat infrastrukturu, logistika, ticarət əlaqələrinin inkişafı üzrə görülən işlər tarixi İpək Yolunun müasir geoiqtisadi platformaya çevrilməsi prosesinin mühüm elementləridir.

Bu gün İpək Yolunun bərpası yalnız qədim karvanların hərəkət etdiyi marşrutların yenidən canlandırılması deyil. Söhbət müasir dəmir yollarından, limanlardan, logistika mərkəzlərindən, rəqəmsal bağlantılardan, ticarət zəncirlərindən və dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığın yeni modelindən gedir.

Azərbaycanın coğrafi mövqeyi bu layihələrdə ölkəmizə xüsusi üstünlük verir. Xəzər dənizi, Bakı Limanı, dəmir yolu infrastrukturu, Şərq-Qərb bağlantıları və Orta Dəhlizin inkişafı Azərbaycanın Çin və digər Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Eyni zamanda, bu bağlantılar Azərbaycanın öz iqtisadiyyatının diversifikasiyası, tranzit gəlirlərinin artırılması, sənaye və investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər yaradır.

Beləliklə, Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolunun ideyasını müasir geosiyasi və geoiqtisadi reallıqlara uyğunlaşdıran strateji əməkdaşlıq modelinə çevrilmək potensialına malikdir. Bu modelin əhəmiyyəti yalnız iki ölkənin münasibətləri ilə məhdudlaşmır; o, Avrasiyanın bütövlükdə nəqliyyat, ticarət və iqtisadi əməkdaşlıq arxitekturasının inkişafına təsir göstərir.

Mərkəzi Asiya - Azərbaycanla Şərq arasında strateji körpü

Mərkəzi Asiya ilə münasibətlərin inkişafı Azərbaycanın Şərq strategiyasının digər mühüm dayağıdır. Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, investisiya və regional bağlantılar sahəsində münasibətlər yeni səviyyəyə yüksəlib. Bu proses yalnız ikitərəfli münasibətlərin genişlənməsi deyil, həm də Xəzər hövzəsi ətrafında daha sıx iqtisadi və geosiyasi əməkdaşlıq məkanının formalaşmasıdır.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi, Orta Dəhlizin inkişafı və regional bağlantıların genişləndirilməsi ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Şərqdə Çin və Mərkəzi Asiya, Qərbdə Türkiyə və Avropa bazarları arasında formalaşan bağlantı Azərbaycanın tranzit və logistika imkanlarını strateji üstünlüyə çevirir.

Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini yalnız nəqliyyat və iqtisadi əməkdaşlıq prizmasından deyil, həm də yeni regional geosiyasi məkanın formalaşması kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan bu prosesdə coğrafi mövqeyindən istifadə edən ölkə olmaqla yanaşı, əlaqələndirici və təşəbbüskar aktor kimi də çıxış edir.

Cənub-Şərqi Asiya: diplomatik fəallığın yeni coğrafiyası

Azərbaycanın Kamboca, Laos və Vyetnamla münasibətlərinin inkişafı Şərq strategiyasının coğrafi baxımdan daha geniş miqyas aldığını nümayiş etdirir. 2026-cı ilin oktyabrında Kamboca Krallığının Baş naziri Hun Manetin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfərləri bu istiqamətdə diplomatik fəallığın yüksəldiyini göstərən mühüm hadisələr kimi diqqət çəkir.

Bu səfərlərin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Cənub-Şərqi Asiyanın dövlətləri ilə münasibətlərini daha sistemli, qarşılıqlı maraqlara əsaslanan və uzunmüddətli əməkdaşlıq perspektivləri üzərində qurmağa çalışır. Bu region dünya iqtisadiyyatında artan çəkisi, istehsal imkanları, ticarət əlaqələri, investisiya potensialı və regional inteqrasiya prosesləri ilə Azərbaycanın xarici siyasət gündəliyində mühüm yer tutmağa başlayır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə formalaşmış diplomatik təcrübə də bu istiqamətdə müəyyən imkanlar yaradıb. Ölkəmizin müxtəlif siyasi sistemlərə, fərqli geosiyasi mövqelərə və iqtisadi maraqlara malik dövlətlərlə əməkdaşlıq qurmaq təcrübəsi Cənub-Şərqi Asiya ilə münasibətlərin inkişafında mühüm diplomatik resursdur.

Bu regionla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin diversifikasiyası, yeni ticarət tərəfdaşlarının müəyyənləşdirilməsi, iqtisadi diplomatiyanın gücləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Bakı-Hanoy: siyasi bəyanatdan praktiki əməkdaşlığa

2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Bakı-Hanoy münasibətlərində yeni mərhələnin əsasını qoyan siyasi sənədlərdən biri kimi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə həmin siyasi iradənin qarşılıqlı münasibətlərin konkret istiqamətlər üzrə inkişaf etdirilməsi ilə tamamlanmasına xidmət edir.

Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri olmaqla, istehsal, sənaye, ixrac, texnologiya və beynəlxalq ticarət sahələrində geniş imkanlara malikdir. Bu ölkənin Avrasiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycanın isə Vyetnamla iqtisadi əlaqələrini daha konkret layihələr üzərində qurması qarşılıqlı maraqlar baxımından perspektivli istiqamətdir.

Azərbaycanın nəqliyyat-logistika infrastrukturu, Orta Dəhlizin inkişafı, Xəzər üzərindən bağlantılar və Avropa bazarlarına çıxış imkanları Vyetnam şirkətləri üçün yeni iqtisadi perspektivlər yarada bilər. Eyni zamanda, Vyetnamın sənaye və istehsal potensialı, investisiya imkanları, texnologiya və ticarət sahəsində təcrübəsi Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətlərində əməkdaşlıq üçün zəmin yaradır.

Bu münasibətlərin gələcək inkişafı yalnız diplomatik sənədlərin imzalanması ilə deyil, konkret iqtisadi layihələrin, biznes platformalarının, investisiya təşəbbüslərinin, təhsil, turizm, texnologiya və humanitar əməkdaşlığın genişləndirilməsi ilə ölçüləcək. Strateji tərəfdaşlığın real məzmun qazanması üçün siyasi dialoqun iqtisadi və institusional mexanizmlərlə möhkəmləndirilməsi vacibdir.

Milli maraqlar üzərində qurulmuş çoxşaxəli diplomatiya

Azərbaycanın Şərq strategiyası ölkənin müstəqil xarici siyasət fəlsəfəsinin mühüm təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan mövqeyini qoruması, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurması və siyasi qərarlarını suveren iradə əsasında müəyyənləşdirməsidir.

Bu siyasət Azərbaycanın hər hansı bir geosiyasi blokun məhdud çərçivəsində fəaliyyət göstərməsini deyil, müxtəlif istiqamətlərdə tərəfdaşlıq imkanlarının genişləndirilməsini nəzərdə tutur. Şərq ölkələri ilə münasibətlərin inkişafı da Qərblə, Türkiyə ilə, regional dövlətlərlə və digər beynəlxalq tərəfdaşlarla əlaqələrin əvəzlənməsi deyil, xarici siyasətin daha geniş və çevik platformada qurulması deməkdir.

Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi, diplomatik əlaqələrinin diversifikasiyası ölkəmizin yeni dünya nizamında daha fəal iştirakına şərait yaradır. Bu, həm dövlətin siyasi müstəqilliyinin möhkəmləndirilməsi, həm də gələcək iqtisadi inkişaf üçün yeni imkanların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Şərqə açılan pəncərəsi

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri, Çinlə strateji tərəfdaşlığın inkişafı, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi, Kamboca və Laosla münasibətlərin yeni mərhələyə yüksəlməsi Azərbaycanın Şərq istiqamətində həyata keçirdiyi siyasətin sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir.

Bu siyasət Azərbaycanın yeni dünya nizamında geosiyasi dəyişiklikləri düzgün dəyərləndirməsinə, iqtisadi imkanları genişləndirməsinə, beynəlxalq tərəfdaşlıq coğrafiyasını artırmasına və Avrasiyanın strateji bağlantılarında mühüm mövqeyini möhkəmləndirməsinə hesablanıb.

Tarixi "İpək Yolu"nun bərpası ideyasından müasir Orta Dəhlizin inkişafına, Çinlə strateji tərəfdaşlıqdan Mərkəzi Asiya ilə regional inteqrasiyaya, oradan Cənub-Şərqi Asiyanın siyasi və iqtisadi mərkəzləri ilə münasibətlərin genişləndirilməsinə qədər uzanan bu xətt Azərbaycanın xarici siyasətinin vahid strateji məntiqini ortaya qoyur.

Azərbaycan artıq yalnız coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında körpü rolunu oynayan dövlət deyil. Ölkəmiz bu coğrafi üstünlüyü siyasi iradə, diplomatik fəallıq, iqtisadi təşəbbüslər və strateji tərəfdaşlıq vasitəsilə real geosiyasi imkanlara çevirməyə çalışır. Pekindən Hanoya uzanan diplomatik xətt isə Azərbaycanın milli maraqlarını yeni dünya nizamının dəyişən reallıqları ilə uzlaşdıran, gələcəyə hesablanmış dövlət siyasətinin mühüm istiqamətidir.

Bəhruz Quliyev,
Səs qəzetinin baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 227   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu

20 noyabr
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20 noyabr
.

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı

21 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17 noyabr
.

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Prezident İlham Əliyev: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

"Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirib. "Tikinti və infrastrukturun inkişafı, həmçini

19 noyabr
.

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?

"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 il

20 noyabr