Xalq artisti: "Ermənilər mənə dedi ki..." – Müsahibə
Sonxeber.az Xalq artisti, aktyor Qurban İsmayılovun APA-ya müsahibəsini təqdim edir.
– Necəsiniz, Qurban müəllim?
– Şükür, yaşayırıq da.
Sənə nə mane olur, Seymur?
Məşhur reper həbs olundu
Billi Ayliş "Simpsonlar"da çəkiləcək
– Necə yaşayırsınız?
– Bilirsiniz, insan cavanlıqda dincəlmir, fikirləşir ki, yaşlananda dincələrəm. Yaşlananda da cürbəcür xəstəliklər başlayır, oram ağrıdı, buram ağrıdı. Bütün fikrini bura yönəldirsən. Məndə hansısa xəstəlik var demirəm, ümumən söyləyirəm.
– Amma yaş sizə gözəl günlər gətirdi. Elə götürək şöhrəti. Sanki rejissorlar sizi 40 yaşınızdan sonra kəşf elədi.
– Cavan vaxtı mənim fakturam bir çox rollar üçün əlverişli deyildi. Söhbət qəhrəman rollarından gedir. Mən elə o vaxtdan bilirdim ki, kinoya 40-dan sonra çəkiləcəyəm.
(Bu vaxt gözüm aktyorun əlindəki döyməyə sataşır.)
– Həbsdə olmusunuz?
– Belə deyək də, bu, 9-cu sinifdə oxuyanda yazılıb. O yerlərə getməyək (gülür).
– Sevdiyiniz qızın adıdır?
(Susur).
– Nə əcəb silməmisiniz?
– Yox, silmək deyəndə ki... İşimə görə özüm silmək istədim. Çəkilişlər zamanı problem yaradır, məcbur qalıb qrimlədirsən. Bir az keçəndən sonra da qrimin üstü açılır. Ona görə də bir dəfə silməyə cəhd etdim, alınmadı, sonra vaz keçdim. Həm də bunu yazdıranda 16 yaşım vardı, indi isə 62 yaşım var...
– Deyirlər, cavanlıqda həm də yaman içən olmusunuz.
– Həddən artıq.
– Bəs nə oldu?
– Tövbə elədim.
(Sükut çökür.)
– Siz insanın hislərinə xitab edirsiniz. Bəlkə sizi tamaşaçıya sevdirən də məhz budur.
– Nə dediyinizi anladım, ancaq razılaşmıram, çünki mən bunu qəsdən etmirəm. Mənə verilən rolların yükü nədirsə, onu verməyə çalışıram. Bəzən dediyiniz məsələni Stanislavski məktəbinə də bağlayırlar. Bəli, biz o məktəbi keçmişik. Bu gün də o məktəb davam edir, digər məktəblər də onun əsasında yaranır. Əslində mən Stanislavskinin kitablarını o qədər də dərindən oxumurdum və özümə demirdim ki, bunu kitabdakı kimi edəcəyəm. Mən onu oxuyanda gördüm ki, burda yazılanları özüm də bilmədən etmişəm. Əsas odur ki, aktyor nə etdiyini bilsin, necə etməyi yox, daxili gücünü hiss etsin.
(Stolun üzərindəki fəxri fərmana baxır.)
On üçüncü Avrasiya Festivalında "Nar bağı" filmindəki rola görə, "Ən yaxşı kişi rolu" nominasiyasında qalib olmuşdum, 5 000 manat pul vermişdilər. Çoxdan almışam ha...
– Yəni soruşmayım hara xərcləmisiniz?
– (gülür) Hə... Yadımdadır ki, çayxanada dostumla çay içirdim, mənə bu xəbəri verdilər. Gözəl gün idi.
– "Nar bağı" qədər uğurlu ikinci rolunuz "Girov" filmindədir.
– "Girov" filminin bədii rəhbəri Eldar Quliyev idi. Ümumiyyətlə, Eldar Quliyev mənim kinoya pasportum olub. Onu da deyim ki, bu gün o filmi göstərməyin əsl məqamıdır. O anlamda ki, ermənilər bizim onları öz vətəndaşımız kimi qəbul edə biləcəyimizi başa düşsün.
– Necə düşünürsünüz? Azərbaycanlılarla ermənilər bundan sonra bir yerdə yaşaya bilərmi?
– Yaşamışıq da. Axı bu olub.
– Amma o gündən bu günə çox şeylər dəyişib.
– Əlbəttə, iki xalqın bir yerdə yaşamağını istəməyən qüvvələr də vardı – faşist ideyasının daşıyıcıları. Ancaq sadə camaat bir yerdə yaşayırdı.
– Siz oynadığınız obrazın dediklərinə inanırsınız?
– İnanıram. "Girov" Smolensk Film Festivalına düşmüşdü. Mən həmin festivala getmişdim. Orda ermənilər çox idi, komissiyanın sədri ilə yaxın idilər. Elə etdilər ki, filmin nümayişini səhər saat 10-a saldılar, əslində, film axşam olmalı idi. Saat 10-da filmə baxmağa kim gələr? Bir sözlə, film nümayiş olundu, az adam vardı. Nümayişdən sonra bir erməni yaxınlaşıb mənə dedi ki, minnətdaram, sizin millət doğrudan da çox yaxşı millətdir, o vaxt anamla məni Naxçıvandan çıxanda çox yaxşı yola saldılar. Sonra əlavə etdi ki, mən filmə baxmağa gələndə elə bildim ki, siz burda erməniləri pis göstərəcəksiniz, ancaq əksini gördüm.
– Qurban müəllim, sizcə, aktyor rejissorun hər dediyinə tabe olmalıdır? Ümumiyyətlə, rejissor-aktyor münasibətlərinə dair xüsusi yanaşmanız var?
– Aktyor sözünün mənası icraçı deməkdir. Əsəri bütövlükdə rejissor görür, onun həllini rejissor bilir. Bir əsərdə yüzlərlə ideya ola bilər, ancaq rejissor nəyi çatdırmaq istəyir? Məsələ budur. Rejissorun çatdırmaq istədiyi öz ideyası var. Mənim də rolum o ideyaya xidmət etməkdir. Ola bilər ki, mənim öz fikirlərim olsun, ancaq tamaşanın müəllifi rejissordur, ona uymalıyam. Hərdən elə aktyor görürəm, istəyir öz rolu görünsün, rejissora deyir ki, onu belə, bunu belə edək. Axı sən tək oynamırsan, bu kollektiv işdir. Elə olur, deyirsən ki, bu söz mənim dilimə yatmır, onda adekvat bir söz tapırlar. İnanmıram ki, hansısa rejissor buna ilişsin. Bəzən müəllif bir az tələbkar olur, gəlib oturur, ilişir ki, bu sözü demə, bunu belə eləmə. Təbii ki, buna da hər rejissor icazə vermir, bu, çox az hallarda olur. Bilirsiniz, bizdə müasir dramaturqlar demək olar ki, yoxdur. Dramaturq olmadığına görə o problem də yoxdur, hansısa dramaturq gəlib desin ki, onu elə yox, belə elə.
– Sizcə, bu nədən irəli gəlir?
– Pul ayırmaq lazımdır. Desəniz ki, bir dram əsərinə 20 min manat pul veririk, o saat yazan tapılar. Sizcə, ssenari yazan indi niyə çoxdur? Çünki kinoda ssenaristlər yaxşı pul alır. Amma dram əsərlərini o qədər də qiymətləndirmirlər. Artıq kapitalizmdir də.
– Məncə, siz kapitalizmin mahiyyətini çox tez anladınız.
– Nəyə görə belə deyirsiniz?
– Məsələn, aktyorların çoxunun seriallara çəkilmək istəmədiyi bir dönəmdə siz çəkilirdiniz.
– Seriallara kim çəkilməlidir? Çəkməçi? Mən indi oturub deyim ki, bu nə serialdır? Olmur axı, mən özüm işimlə pul qazanıram. Hara getməliyəm?
– Ötən illərlə müqayisə etdikdə bu gün Azərbaycanda çəkilən seriallardakı inkişaf göz önündədir. Siz seriallara dəstək oldunuz, yaxanızı kənara çəkmədiniz.
– Açığını deyim, mən kənara çəkilə də bilməzdim, çünki mənə dolanışıq lazım idi.
– Yəni yenidən ticarətlə məşğul olduğunuz, konyak, kolqotka satdığınız dövrə qayıtmaq istəməzdiz.
– Bunu, hardan bildiniz? (gülümsəyir) O çoxdan olub. Deməli, teatrdan çıxmışdım, guya pul qazanmaq istəyirdim. Təxminən doxsan beşinci illər idi. Zaporojyedən burdakı qohumuma zəng edib soruşdum ki, Bakıda nə satılar? Dedi konyak. Mən də risk elədim, qırx konyak butulkasıyla çıxdım yola. Yolda başıma nələr gəldi nələr. Birtəhər konyakı gətirdim. Axırda konyakları sata bilmədim. Mayasına verdim getdi. Konyakın puluna da uşaq kolqotkası aldım, onu da sata bilmədim. Gördüm ki, alınmır... Allah Hüseynağa Atakişiyeva rəhmət eləsin. Görürdü ki, tez-tez teatra gəlirəm, qıraqdan tamaşalara baxıram. Beləcə qayıtdım teatra.
– Bir müddət "YUĞ" Teatrında da çalışmısınız.
– Deməli, o vaxt biz tamaşa oynayırdıq. Məşqdə, fırlana-fırlana xaotik hərəkətlər eləyəndə Məmməd Səfa ilə üz-üzə gəldim, məni gülmək tutdu, ondan sonra Vaqif müəllim ("YUĞ" Teatrının təsisçi və bədii rəhbəri Vaqif İbrahimoğlu – A.S.) məni qovdu. (bir xeyli gülür) Birinci dəfə deyildi ki, məni o cür gülmək tuturdu, ondan qabaq da bir-iki dəfə məşqdə məni gülmək tutmuşdu. Ondan sonra gəldim Gənc Tamaşaçılar Teatrına. O vaxt teatrda təmir gedirdi. Azər Paşa müəllimin yanına getdim, o vaxt Gənc Tamaşaçılar Teatrında baş rejissor idi. Azər Paşa müəllim dedi ki, aktyorlarımız çoxdur, bizdə əksinə ixtisarlar gedir. Dedim, onda heç olmasa məni fəhlə kimi götürün. Nə vaxt yer olar, onda aktyor kimi götürərsiniz. Beləcə beş-altı ay teatrda fəhlə işlədim.
– Nə əcəb Akademik Milli Dram Teatrına üz tutmamısınız?
– O vaxt məni "Azdrama"ya götürən də yox idi. Özüm də heç cəhd eləməmişəm. Sonradan çox təklif gəldi.
– Niyə qəbul etmədiniz bəs?
– İşləyirəm də burda. Mən ümumiyyətlə, stabilliyi xoşlayan adamam.
– Yaman da stabil həyat yaşamısınız axı.
– O mənada yox. Mən burda fəhlə də işləmişəm, illərdir buranın aktyoruyam. Kollektiv kimi bura mənə çox doğmadır.
– Deməli, Don Kixotu sadəcə oynamamısınız, həm də onun kimi yaşamısınız.
– Don Kixot yaxşı kişidir (gülür). Həmişə onu özümüzdən qovuruq. Biz şeytanı təhqir eləməkdən qorxuruq ki, birdən bizi cəzalandırar, ancaq Don Kixotu təhqir edirik. Bunu etməməliyik. Daxilimizdəki Don Kixotu öldürməməliyik.
– Amma Don Kixot da başımızı bəlalara salır axı.
–Sən başını bəlaya salan işlərə baş qoşmadan da onu yaşada bilərsən. Bir də ki, şeytandan qorxub onu təhqir etmədiyin kimi Don Kixota da dəymə. Qoy otursun orda sakit.
– Sevildiyinizi hiss edirsiniz?
– Hiss eləyirəm, yanaşırlar, şəkil çəkdirirlər, şərhlər də yazırlar. Arada bir serialın reytinqini soruşuram. Əslində, bunun mənə heç bir isti-soyuğu yoxdur. Amma bilirsən ki, sənin işinə baxırlar, sənin işin maraq cəlb edir. Hərdən pis şeylər yazan da olur. Məsələn, deyirlər ki, Nazim kişi ("Ata ocağı" serialında obraz – A.S.) ağıl verməkdən yorulmadı.
– Nazim kişi həm də yaman tərsdir.
– Tərs idi, indi düzəlib.
– Daha oğlunu incitmir.
– Oğlunu incitmir deyəndə ki, oğul da atanı incidirdi də. Ata həmişə deyir ki, bu yolla get, gör, səhv olsa, qayıt da.
– Həyat axı o qədər uzun yol deyil ki, hər dəfə bir adamın sözü ilə gedib qayıdasan.
– Yaxşı, istədiyin yolla get, barı getdiyin yolda məsuliyyətini dərk et də.
– "Nar bağı"nın qəhrəmanı haqqında da danışanda deyirsiniz ki, öz kökündən ayrı düşən adamdan hər nə desən gözləmək olar. Niyə belə düşünürsünüz?
– Elədir ki, var. Ancaq mən təkcə bunu demirəm. O filmdə bir şey də var. Ata heç vaxt uşaqları ilə maraqlanmayıb. O, bağla, narla, ağacla daha çox maraqlanıb, nəinki uşaqları ilə. Yəni atada da günah var.
– Deməli, atalar da həmişə düz deyil.
– Atanın da hər hərəkəti tənqidə layiq deyil. Ata da insandır axı. İndi ola bilər ki, o sənə qulaq asmasın. Buna görə atanı öldürmək lazımdır? Atanı aldatmaq lazımdır? Hə? Sən səhvi deyə bilərsən, ancaq bu o deməkdir ki, sən atanın səhvinin acığına düşüb nəsə etməlisən? Mən həmişə demişəm ki, acığa düşüb nəsə edən adam həmişə uduzur. Mütləq uduzur. Bu təkcə ata-övlad münasibətində belə deyil. Bir də görürsən, qızla oğlan ayrılır. Gedir filankəsin acığına filankəslə evlənir. Acığa sənətdə də nəsə etmək olmaz. Olur ki, bir rolu götürüb başqa aktyorların acığına kiməsə verirlər. Sənətdə acığa nəsə etmək olmaz.
– Siz övladlarınıza qarşı Nazim kişi kimisiniz?
– Bu dəqiqə mənə övladlarımdan zəng gələndə qorxuram. Fikirləşirəm ki, xeyir ola? Biz necə görmüşüksə, üstümüzdə necə əsiblərsə, onu da övladlarımıza vermişik. Əslində, bizim üzərimizdə açıq əsməyiblər. Məsələn, o vaxt babam xəstə idi, mən onun ayağını yuyurdum, onda babam ilk dəfə mənə dedi ki, qurban olum sənə, Qurban. Ömrümdə bircə dəfə babamdan bu sözü eşitdim. Bizə də belə sözlər deməyiblər, bizə də Nazim kişi kimi davranıblar. Ata bir sözü sənə sərt deyə bilər, ancaq bu o demək deyil ki, o səni sevmir. Sənin dırnağına zərər gələndə atanın ürəyi ağrıyır. Başqa cür mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş