Erməni ssenaristi Bakıdan qovan, kino mükafatından imtina edən, gizlicə dəfn olunan Xalq artisti

Erməni ssenaristi Bakıdan qovan, kino mükafatından imtina edən, gizlicə dəfn olunan Xalq artistiSonxeber.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti Adil İsgəndərov haqqında maraqlı faktları təqdim edir.

Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ailədə 4 qardaş, bir bacı olublar. Soyadları İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rza bəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib. O, ailə düşmənçiliyinin qurbanı olub. Gəncə İcra Hakimiyyətinin binasının yerində əvvəllər karvansara olub, onun bir hissəsi Adil İsgəndərovun ana babası Möhsün bəyin olub.

10 yaşından Gəncədəki pioner evində özfəaliyyət dərnəyinə qoşulub. Teatra çox meylli olub. Hətta 13 yaşında "Qaçaq Kərəm" tamaşasını qurub. Kərəm obrazını özü oynayıb. Yaradıcı adamlar baxıblar ki, bu, böyük bir teatrın tamaşasıdır. Elə buna görə də onu Bakıya gətiriblər. Bakı Teatr Texnikumunda aldığı təhsildən sonra Adil İsgəndərov A. Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. Moskva Bədaye və Vaxtanqov teatrlarında təcrübə keçib. Tam hazır vəziyyətdə Akademik Milli Teatra gələn Adil İsgəndərovu bir il sonra teatra baş rejissor təyin ediblər. Uzun müddət teatrda fəaliyyət göstərib, səhnəyə yeni tamaşalar qoyub. Onun dövründə "Azdrama"ya hamı "İsgəndərovun teatrı" deyib.

***

Həyat yoldaşı Zina xanımın da aktrisalıq qabiliyyəti olub. Onlar dram dərnəyində tanış olublar. Adil müəllim ondan 7-8 yaş böyük olub. Həyat yoldaşının işləməyinə razı olmayıb. Zina xanım onun xasiyyətini bildiyindən bu məsələdə israr etməyib. Bu evlilikdən Adil İsgəndərovun Dilarə və Nigar adlı qızları dünyaya gəlib. Dilarə xanım hazırda Bakıda yaşasa da, bacısı Nigar ailəsi ilə birlikdə Almaniyada yaşayır.

İlk rejissorluq işinə "Polad qartal" tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində "Həyat", "Vaqif", "Xanlar", "Fərhad və Şirin", "Aydın", "Şərqin səhəri", "Otello", "Cavanşir" kimi tamaşalara həyat verir.

***

1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verir. 1958-ci ildə isə "Uzaq sahillərdə" filmində sahibkar Rosselininin rolunu ifa edir. Bundan sonra isə "Qara daşlar", "Məhəbbət dastanı", "26 Bakı komissarı", "Qanun naminə" və "Axırıncı aşırım" filmlərinə çəkilir. 1966-cı ildən başlayaraq "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayır. Yalnız "Əhməd haradadır?" filminin quruluşçu rejissoru olur. 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.

"Axırıncı aşırım" filminin Tbilisidə nümayişdən sonra baş rolun - Kərbəlayi İsmayıl obrazının ifaçısı mükafata layiq görülür. Adil İsgəndərov mükafatdan imtina edir, böyük ürəklə həmin mükafatı Qəmloya - Məlik Dadaşova verməyi məsləhət görür.

***

"Otello" tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə də onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında "On sozdal menya" - deyirmiş.

Tələbəsi Əbdül Mahmudbəyov xatirələrində deyir:

"Moskvada mənimlə birgə bir erməni təhsil alırdı. Azərbaycan dilini də gözəl bilirdi və təhsilimizin sonunda bu erməninin ssenarisi ilə bir film çəkmək qərarına gəldim. O vaxtlar "Azərbaycanfilm"ə Adil müəllim rəhbərlik edirdi. Gəldim yanına, çox sevindi, çünki onun yetirməsi idim. Görüşdük, söhbət etdik, vaxt yetişdi, Adil müəllim ssenarini açdı ki, baxsın. Bir də gördüm kişinin rəngi ağardı, oxuyub ki, rejissor Əbdül, ssenari Akopyan. Akopyan da yanımızdadır, qayıtdı ki, qada, bu ermənidir? Dedim, bəli, amma Bakıda doğulub. Qada, cəhənnəmə doğulub, bəs sən bu gədəni bura gətirəndə görmədin ki, girişdə "Azərbaycanfilm" yazılıb? Üzünü tutub Akopyana, qayıtdı ki, dur tərpən Sabunçu vağzalına, min qatara birbaşa "Ermənifilmə" get. Sonra da mənə Xəbərdarlıq etdi ki, bir daha belə qələt etməyim".

***

Adil İsgəndərovun teatrdan getməsinə səbəb Xruşovun çıxardığı qərar olur. Xruşov qərar çıxarır ki, bir adam iki vəzifə daşıya bilməz. İsgəndərov ya baş rejissor olmalı idi, ya da teatrın direktoru. Bu qərar onu sevməyənlərin əlinə böyük fürsət verir.

Adil bəy də belə şeyləri qəbul edə bilmir. Buna görə də teardan uzaqlaşır.

Adil İsgəndərov sadə olduğu qədər də zabitəli insan olub. Moskvanın kinostudiyalarında onu görən kimi hamı qırağa çəkilib, ona yol verirmiş. Bəy balası olması onun şəxsiyyətində də özünü göstərib. Şahidlərin dediyinə görə o, "Azdrama"ya girəndə həyətdə, dəhlizdə bir adam qalmırmış.

***

Adil İsgəndərovun qardaşı oğlu müsahibələrinin birində deyir:

"Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov bir dəfə əmimə zəng edib ki, filankəsi bu rola çək, bir yəhudi var, onu da rejissor köməkçisi qoy. Əmim bunu qəbul etməyib. Deyib, yoldaş Kazlov, siz bilirsinizmi ki, mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram. Bunu deyib telefonun dəstəyini asıb. Bəs bunu ona bağışlayardılarmı?

"Axrıncı aşırım" çəkiləndə filmlə bağlı Fərman Kərimzadə ilə tez-tez güclü mübahisələr edirmişlər. Moskva filmi ssenaridə olduğu kimi çəkməyə qoymurmuş. Ssenaridə edilən dəyişiklik də Fərman müəllimin xoşuna gəlmir. Bir gün Adil İsgəndərov ona deyir ki, Fərman, sən başa düşmürsən, bu gələcəkdə bizə lazım olacaq. Nə cür çəkilir, qoy çəkilsin. Tarixi film olacaq.

***

Səməd Vurğun "Vaqif" pyesini yazandan sonra bir qrup adamlar Mircəfər Bağırova donos yazırlar ki, pyesdəki Ağa Məhəmməd Şah Qacar obrazı onun prototipidir. Səməd Vurğun onu baş kəsən, qan içən kimi göstərmək istəyir. Həmin vaxtlar Adil İsgəndərov "Vaqif" pyesini səhnələşdirir. Xəbər gəlir ki, Mircəfər Bağırov gəlib tamaşaya baxacaq və zalda ondan başqa heç kim olmayacaq. Səməd Vurğun da, Adil İsgəndərov da çox həyacan keçiriblər. Tamaşanın yaxşı alınması üçün əllərindən gələni ediblər. Həmin gün evdəkilərlə sağollaşıblar ki, birdən qayıtmazlar.

Mircəfər Bağırova donos yazanlar gözləyiblər ki, tamaşadan sonra Adil İsgəndərovu da, Səməd Vurğunu da maşına qoyub aparacaqlar. Ancaq əksinə olub. Bağırov tamaşanı çox bəyənib. Buna görə onlara təşəkkür edib. Səhəri gün Adil İsgəndərova xidməti maşın hədiyyə olunub.

***

Xalq artisti Ələsgər Ələkbərovla möhkəm dost olsalar da onların bu dostluğu sonradan düşmənçiliyə çevrilib. 1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

Bu küskünlük barədə digər bir versiya isə ondan ibarətdir ki, deyilənlər görə, Vəli Axundov Ələsgər Ələkbərovun yaxın qohumu olub. O, Mərkəzi Komitənin Birinci Katibi seçiləndən sonra Ələsgər Ələkbərov çox dəyişir. Hər gün bir bəhanə ilə Adil bəyə zəng vurub tamaşalarda çıxış etməkdən boyun qaçırır. Bir gün zəng edir ki, səhhətim pisdir, gələ bilmirəm, başqa gün deyir, tamaşanın vaxtın dəyişin. Belə özbaşınalıqları Adil İsgəndərov qəbul etmir. Bir gün isə Moskvada "Vaqif"i səhnəyə qoyarkən Ələsgər Ələkbərov xəbər göndərir ki, asmam tutub, gələ bilmirəm, mehmanxanaya təcili yardım çağırmışam. Adil müəllim bildirib ki, ağılsızlq etmə, səhnəyə çıxmalısan, bizi pis vəziyyətdə qoyma. Ancaq o səhnəyə çıxmayıb. Belə olan halda Adil bəy səhnəyə Ağadadaş Qurbanovu çıxarıb. Bundan sonra doğurdan da Ələsgər Ələkbərovun asması tutub, təcili yardım çağırıblar.

***

"Nəsimi" filmində Teymurləng obrazına çəkilməkdən imtina edir. Münasibətləri yaxşı olmasa da deyir ki, Yusif Vəliyevin Teymurləngi daha mükəmməldir. Məndən Teymur olmaz, Yusifi çağırın, o, gəlib çəkilsin. Eləcə də "Dəli Kür" filmində Rejissor Hüseyn Seyidzadə Adil İsgəndərovu Cahandar ağa obrazına çəkir. Hətta filmin 240 metr lentə alınır. Adil müəllim isə roldan imtina edib rejissora məsləhət görür ki, bu rola daha çox Ələddin Abbasov uyğun gələr, onu çəksinlər.

Məlik Dadaşovla Adil İsgəndərovun gənclik illərindən münasibətləri yaxşı olsa da, sonralar bilinməyən səbəblərdən onlar iki düşmənə çevrilirlər. Hətta onun oğlu Rafael Dadaşovun filmlərə çəkilməməsində Adil İsgəndərovun böyük rol oynadığını dilə gətirir: "Bu, Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. Hətta Məlik Dadaşov özü o zaman Moskvaya gedib oranın vasitəsi ilə teatra bərpa olunmuşdu."

Kamal Xudaverdiyevin xatirələrindən: "Adil müəllim kurs rəhbərim olub. Biz sənətin əlifbasını Adil İsgəndərovdan öyrəndik. Mənim ilk filmə çəkilməyimin də səbəbkarı o oldu. "İstintaq" filmində kənardan aktyor dəvət olunmuş bir obraza məni məsləhət görmüşdü. Bunu yalnız mənim üçün etməmişdi, Rasim, Şahmar, ümumiyyətlə o dövrdə üzə çıxan bütün aktyorlar onun tapıntısı idi. Filmlərə kənardan aktyor dəvət olunmasının qarşısını alıb, öz aktyorlarımızı tanıtdı. Sübut etdi ki, bizdə də bacarıqlı gənclər var. Bir rejissor onu eşitmək istəmirdi, Adil müəllim ondan soruşdu ki, niyə özümüzünkülərlə işləmirsən? Cavab verdi ki, mən özümüzünkülərlə işləyə bilmirəm. Dedi, qada, onda mən kənardan rejissor çağıraram bizim aktyorlarla işləyər. 15 aktyor dəvət etməkdənsə, bir rejissor dəvət etmək daha sərfəlidir.

Adil müəllimin yaxşı biş-düş qabiliyyəti olub. Bir gün piti bişirib qardaşı oğlunu da ailəsi ilə qonaq çağırıb. Qonaqlar pitidən dadıb Nizami kinoteatrına kinoya gedirlər. Adil müəllimə təklif etsələr də, imtina edib deyir: "Qadam, siz gedin, kinodan gələndən sonra çay dəmləyərəm içərik". Həmin gecə Adil isgəndərovun ürəyi tutur. Təcili yarım çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Adil İsgəndərov 1978-ci il sentyabrın 15-də dünyasını dəyişib.

Həmin gün L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Rəhbərin gəlişindən yaranan bayram əhval-ruhiyyəsi pozulmasın deyə, onun tabutunu gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa tapşırıblar. Lakin, Adil İsgəndərovun qardaşı oğlu bu iddiaların doğru olmadığını aktyorun Aktyorlar evindən götürülərək ölümündən bir gün sonra günorta saatlarında dəfn olunuduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1749   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Leyla Əliyevadan tarixi xalçaya ilmələr - Video

Leyla Əliyeva Şuşa məscidi üçün toxunan dünyanın ən böyük dairəvi xalçası ilə bağlı görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. Belə ki, "Azərxalça" ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixini

12 fevral
.

Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb. TASS-a istinadən xəbər verir ki, təntənəl

27 mart
.

Aybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto

Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub

13 may
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart
.

Kişilər arasında ilk solist qadın: "Sevinirəm ki, yaddaşlarda gözəl ifamla qalmışam"

Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova: "Deyirlər ki, qadınlar arasında ilk solist olmuşam, xeyr, mən kişilər arasında ilk solist qadın oldum. Məndən sonra qızlar kamança sinfinə yazıldılar. Ona görə deyirlər ki, Şəfiqə qızlar sülaləsi yetişdirdi". 8 Mart onun üçü

7 mart
.

İşdən çıxarılan Xalq artisti - Direktoru ittiham edir

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktor

4 aprel
.

Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb. "Report"un əldə etdiyi məlumata əsasən, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır. Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafınd

8 aprel
.

Rusiyalı musiqiçi: "SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb"

Rusiyalı musiqiçi, "Piknik" qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb. xəbər verir ki, o, bu barədə -ya müsahibəsində danışıb. Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizli

8 mart
.

Yeni kitabın təqdimatı: "Azərbaycan Ağbabadan başlayır" oxuculara təqdim olundu

Şəmsi Qocanın "Azərbaycan Ağbabadan başlayır" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, gün saat 15:00-da tanınmış şair-publisist və tarixçi-tədqiqatçı Şəmsi Qocanın "Azərbaycan Ağbabadan başlayır" adlı yeni kitabının təqdimat mərasimi böyük ruh yüksəkliyi ilə keçirildi

26 may