ABŞ-İran müharibəsində yeni mərhələ: Körfəzdə təhlükə artır, neft bazarı silkələnir
ABŞ və İran arasında davam edən qarşıdurma Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Reuters-in məlumatına görə, Körfəz regionunda investorlar Səudiyyə Ərəbistanının enerji infrastrukturuna qarşı hücum iddialarını və dəniz nəqliyyatı üçün yaranan təhlükələri diqqətlə izləyirlər. Husilər Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisələrindən biri olan Ras Tanura zavoduna zərbə endirdiklərini bildiriblər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə Ciddə İslam Limanı yaxınlığında husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Hadisə nəticəsində mülki şəxslərin xəsarət almadığı bildirilib.
Regionda gərginliyin artması enerji bazarlarına da təsir göstərib. Reuters-in məlumatına görə, neft qiymətləri Hörmüz boğazında mümkün təchizat problemləri ilə bağlı narahatlıqlar fonunda dəyişkənlik nümayiş etdirib. Brent markalı neftin bir barelinin qiyməti 93,65 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 83,25 dollara enib. Bazarlarda diqqət İranın Hörmüz boğazında gəmilərin dəniz minalarına düşməsi ilə bağlı iddialarına və husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı hücum bəyanatlarına yönəlib. Hörmüz boğazı dünya neft daşımalarının mühüm hissəsinin həyata keçirildiyi strateji dəniz marşrutudur. Burada gəmiçilik fəaliyyətinin pozulması qlobal enerji təchizatına ciddi təsir göstərə bilər.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ və İran arasında qarşıdurmanın yenidən genişlənməsi ehtimalı İraq ərazisində də narahatlıq doğurur. İranla əlaqəli "Kataib Hizbullah" silahlı qruplaşması İraqın qərbində hərbi texnikanın yerini dəyişib və yeni mövqelər qurmağa başlayıb. Məlumatda bildirilir ki, qruplaşma ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə ABŞ qüvvələrinə və obyektlərinə qarşı hücumlar təşkil edə biləcəyi barədə təhdidlər səsləndirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani-nin də ötən həftə Bağdada səfər etdiyi və silahlı qruplaşmaların rəhbərləri ilə görüşdüyü qeyd olunur. Bu məlumatlar İraqın mümkün yeni regional qarşıdurmanın iştirakçısına çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, noyabrın 25-də İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşdüyünü iddia etmişdi. Tehran gəmilərin müəyyən edilmiş marşrutdan kənar hərəkət etdiyini bildirmiş, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası aradan qaldırılmadan boğazda normal gəmiçilik rejiminin bərpa olunmayacağını bəyan etmişdi. Lakin tankerlərin minalara düşməsi ilə bağlı İranın iddiası müstəqil şəkildə təsdiqlənməyib.
Hazırda qarşıdurmanın növbəti mərhələyə keçib-keçməyəcəyi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin necə təmin olunacağı və Körfəz ölkələrinin mümkün eskalasiyaya hansı cavabı verəcəyi əsas diqqət mərkəzindədir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb