Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Bakının Xətai rayonunda yerləşən NZS qəsəbəsində, Ağ Şəhərə yaxın ərazidə həyət evlərinin nisbətən ucuz qiymətə satışa çıxarılması diqqət çəkir. Əmlak elanlarında bəzi evlərin qiymətinin 50-60 min manat civarında olduğu görünür. Ekspertlər bunu əsasən tikililərin köhnə olması, bir çox evin çıxarışının olmaması, küçələrin dar və həyətyanı sahələrin kiçik olması, eləcə də ərazinin gələcək yenidənqurulması ilə bağlı qeyri-müəyyənliklərlə əlaqələndirirlər.
Bəs, Ağ Şəhərin yaxınlığında yerləşməsinə baxmayaraq, NZS qəsəbəsində evlərin qiymətinin aşağı olmasının əsas səbəbləri hansılardır? Ərazidəki sənədləşmə problemləri və mümkün söküntü ehtimalı alıcılar üçün hansı riskləri yaradır? Vətəndaşlar belə evləri alarkən hüquqi və texniki baxımdan nələri yoxlamalıdırlar? Gələcəkdə ərazinin yenidən qurulması və infrastrukturun inkişafı evlərin qiymətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, NZS qəsəbəsində, xüsusilə Ağ Şəhər layihəsinə yaxın ərazilərdə həyət evlərinin nisbətən aşağı qiymətə təklif olunmasını bir neçə fundamental amillə izah etmək olar.
"Burada əsas məsələ təkcə ərazinin coğrafi mövqeyi deyil, həmin əmlakların hüquqi statusu, şəhərsalma perspektivi, infrastruktur təminatı və gələcək istifadə imkanlarıdır.
İlk növbədə, qiymət fərqinin əsas səbəblərindən biri sənədləşmə məsələsidir. NZS-də bəzi həyət evlərinin torpaq sahəsinə mülkiyyət hüququ, tikilinin çıxarışı, texniki pasportu və faktiki tikinti göstəriciləri arasında uyğunsuzluqlar ola bilər. Bəzi hallarda evin özü mövcud olsa da, torpaq sahəsinin hüquqi statusu və ya tikilinin qanuniliyi ilə bağlı suallar qalır. Bu isə alıcı üçün əlavə hüquqi və maliyyə riski yaratdığından əmlakın bazar dəyərinə birbaşa təsir edir.
İkinci mühüm amil infrastruktur və yaşayış mühitidir. Ağ Şəhər kimi müasir şəhərsalma layihəsi ilə NZS-in mövcud yaşayış mühiti arasında müəyyən fərqlər var. Kommunal xidmətlərin vəziyyəti, yol infrastrukturu, ərazinin planlaşdırılması, sosial obyektlər və məhəllədaxili abadlıq səviyyəsi qiymət formalaşmasında mühüm rol oynayır. Yəni coğrafi yaxınlıq avtomatik olaraq eyni investisiya dəyəri demək deyil.
Üçüncü amil isə mümkün söküntü və yenidənqurma riskidir. NZS-in keçmiş sənaye zonası olması, ərazidə köhnə yaşayış fondunun mövcudluğu və şəhərin Baş Planı çərçivəsində yenilənmə perspektivi bazar iştirakçılarının qərarlarına təsir edir. Bununla belə, NZS-in bütövlükdə yaxın zamanda söküləcəyini təsdiqləyən konkret qərar olmadan bu ehtimalı baş tutacaq proses kimi təqdim etmək düzgün deyil. Ərazi üzrə şəhərsalma planları ilə bağlı qeyri-müəyyənlik özü də qiymətlərə risk endirimi kimi təsir göstərir. Vətəndaşlar belə evləri alarkən nələrə diqqət etməlidirlər?
Mən alıcılara ilk növbədə aşağıdakı məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edərdim:
Evin və torpaq sahəsinin dövlət reyestrindən çıxarışını ayrıca yoxlamaq, torpağın təyinatını və mülkiyyət hüququnu dəqiqləşdirmək;
Faktiki tikilinin sənədlərdə göstərilən sahə və ölçülərlə uyğunluğunu araşdırmaq;
Əmlak üzərində həbs, ipoteka, məhkəmə mübahisəsi və digər hüquqi yüklülüklərin olub-olmadığını yoxlamaq;
Ərazinin Baş Planda hansı funksional zonaya aid olduğunu və konkret torpaq sahəsi üzrə hər hansı yenidənqurma və ya dövlət ehtiyacı ilə bağlı qərarın mövcudluğunu öyrənmək;
Evin bünövrəsini, daşıyıcı konstruksiyalarını, dam örtüyünü, kommunikasiya xətlərini və kanalizasiya sistemini müstəqil mütəxəssisə yoxlatdırmaq.
Xüsusilə bir məqamı vurğulamaq vacibdir: texniki pasportun mövcudluğu mülkiyyət hüququnun tam rəsmiləşdirilməsi demək deyil. Eyni zamanda, 2025-ci ilin 16 iyul tarixli 444 nömrəli Fərmanla bəzi köhnə torpaq və ev sənədlərinin hüquqi əsas kimi tanınması imkanları genişləndirilib. Buna görə çıxarışı olmayan hər evi avtomatik olaraq qanunsuz hesab etmək də doğru deyil. Hər əmlakın sənəd tarixçəsi fərdi qaydada araşdırılmalıdır.
Mənim qənaətimə görə, NZS-in uzunmüddətli qiymət potensialı mövcuddur. Ağ Şəhərə yaxınlıq, şəhərin mərkəzi hissələrinə çıxış və ərazinin gələcək şəhərsalma inkişafı bu potensialı dəstəkləyən amillərdir. Lakin bu üstünlüklərin avtomatik şəkildə bütün evlərin qiymətində artıma səbəb olacağını düşünmək düzgün deyil.
Gələcək qiymət dinamikasını əsasən üç amil müəyyən edəcək: ərazinin real yenidənqurma perspektivi, hüquqi sənədləşmənin səviyyəsi və infrastrukturun inkişafı. Əgər bu istiqamətlərdə müsbət dəyişikliklər baş verərsə, xüsusilə çıxarışlı, hüquqi baxımdan problemsiz və texniki vəziyyəti qənaətbəxş olan evlərin bazar dəyərində artım potensialı güclənə bilər.
Yekun olaraq qeyd edim ki, NZS-də ucuz ev almaq hər zaman sərfəli investisiya demək deyil. Bəzən aşağı qiymət alıcının əldə etdiyi fürsəti deyil, üzərinə götürdüyü hüquqi və iqtisadi riski ifadə edir. Əmlak bazarında əsas prinsip ucuz almaq yox, real dəyərindən aşağı qiymətə, lakin hüquqi cəhətdən təhlükəsiz əmlak almaqdır. NZS kimi inkişaf perspektivi olan ərazilərdə isə düzgün seçilmiş, sənədləri qaydasında olan əmlak gələcəkdə maraqlı investisiya imkanına çevrilə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Xarici universitetlər Azərbaycana gəlir: Yerli ali məktəblər keyfiyyəti artırmağa məcbur olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Safurədən həyat yoldaşı ilə paylaşım
Mirasdan imtina edən şəxs sonradan fikrini dəyişə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA