Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın aparıcı istehlak məhsulları istehsalçılarından biri olan Unilever şirkətinin məhsulları müxtəlif ölkələrdə milyonlarla insan tərəfindən istifadə olunur. Şirkətə məxsus Dove, Rexona, Domestos, Cif, Pepsodent, Closeup, Lifebuoy, OMO, Surf, Comfort, TRESemmé və Sunsilk kimi markalar beynəlxalq bazarda tanınır. Lakin Azərbaycanda bu markaların hamısını istehlakçılar üçün əlçatan hesab etmək mümkün deyil. Belə ki, ölkəmizdə Unilever-in rəsmi nümayəndəliyi və distribütoru fəaliyyət göstərsə də, şirkətin bir sıra tanınmış məhsullarını yerli supermarketlərdə və mağazalarda tapmaq çətinlik yaradır. Nəticədə, bəzi istehlakçılar axtardıqları məhsulları müxtəlif satış nöqtələrindən, o cümlədən məişət və təmizlik məhsulları mağazalarından əldə etməyə çalışırlar. Maraqlıdır ki, Unilever-in Azərbaycandakı rəsmi distribütorunun açıqladığı marka siyahısında bir sıra tanınmış beynəlxalq brendlər yer almır.
Bu isə istehlakçılar arasında haqlı suallar yaradır: Şirkətin ölkəmizdə rəsmi nümayəndəliyi olduğu halda, bəzi markaların Azərbaycan bazarında geniş satışına niyə rast gəlinmir? Bu, distribusiya siyasəti, bazarın həcmi, kommersiya maraqları, yoxsa başqa amillərlə bağlıdır? Azərbaycan istehlakçıları niyə beynəlxalq bazarda geniş çeşiddə təqdim olunan məhsulların hamısına öz ölkələrində rahat şəkildə çıxış əldə edə bilmirlər?
Qeyd edək ki, məsələ ilə bağlı Unilever-in müştəri xidmətlərinə də müraciət edilib. Şirkətdən daxil olan cavabda sorğunun Böyük Britaniyanın Consumer Careline xidmətinə yönləndirildiyi və müvafiq komandaya ötürüldüyü bildirilib.
Əsas sual isə budur: Unilever Azərbaycan bazarında məhsul çeşidini genişləndirməyi və istehlakçıların tələbatını qarşılamağı planlaşdırırmı?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Unilever kimi qlobal şirkətlərin məhsul portfelinə daxil olan bütün brendləri hər ölkənin bazarında satışa çıxarmaması, ilk növbədə, kommersiya və iqtisadi məqsədəuyğunluqla bağlıdır. Onun sözlərinə görə, şirkətlər yeni bazara daxil olarkən həmin ölkənin əhalisinin sayını, alıcılıq qabiliyyətini, istehlak vərdişlərini, bazarın potensialını və rəqabət mühitini nəzərə alırlar: "Çünki hər hansı məhsulun dünya üzrə məşhur olması onun bütün ölkələrdə eyni səviyyədə tələbat görəcəyi demək deyil. Azərbaycan bazarı da bu baxımdan istisna deyil. Əhalinin sayı və istehlak bazarının həcmi qlobal şirkətlər üçün müəyyən kommersiya məhdudiyyətləri yarada bilər. Eyni zamanda, Azərbaycanda bəzi məhsul kateqoriyalarında yerli və xarici rəqiblərin mövcudluğu, qiymət həssaslığı, idxal və logistika xərcləri də şirkətin qərarlarına təsir göstərir. Məsələn, şirkət hesab edə bilər ki, müəyyən brendin ölkəyə gətirilməsi, reklamı, distribusiyası və satış şəbəkəsinin qurulması üçün çəkiləcək xərclər əldə ediləcək gəlirlə müqayisədə kifayət qədər səmərəli deyil.
Burada bir məqamı da nəzərə almaq lazımdır: beynəlxalq şirkətin Azərbaycanda nümayəndəliyinin olması onun bütün brendlərinin ölkədə mütləq satışa çıxarılacağı anlamına gəlmir. Nümayəndəlik şirkətin müəyyən məhsullarının idarə olunması, marketinqi və kommersiya fəaliyyətinin təşkili ilə məşğul ola bilər. Digər məhsulların satışı isə regional distribusiya strategiyasından və şirkətin biznes qərarlarından asılıdır. Bununla belə, hesab edirəm ki, belə yanaşma Azərbaycan istehlakçılarının seçim imkanlarını məhdudlaşdırır. İstehlakçı bəzi məhsulları yalnız qeyri-rəsmi idxal, ayrı-ayrı mağazalar və ya xarici onlayn platformalar vasitəsilə əldə edə bilir. Bu isə həm qiymət fərqlərinə, həm də məhsulun keyfiyyətinə və orijinallığına dair əlavə risklərə səbəb ola bilər.
Məsələyə digər tərəfdən yanaşsaq, qlobal şirkətlərin Azərbaycanda daha geniş məhsul çeşidi ilə təmsil olunması rəqabəti gücləndirə, istehlakçılara alternativlər yarada və bazarda qiymət-keyfiyyət münasibətlərinin yaxşılaşmasına kömək edə bilər. Ancaq bunun baş verməsi üçün şirkət yerli bazarda əlavə kommersiya potensialı görməlidir. Deməli, burada əsas məsələ Azərbaycanın istehlak bazarının qlobal şirkətlər üçün nə dərəcədə cəlbedici olması və həmin şirkətlərin bu potensialı reallaşdırmaqda maraqlı olub-olmamasıdır".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Xarici universitetlər Azərbaycana gəlir: Yerli ali məktəblər keyfiyyəti artırmağa məcbur olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Safurədən həyat yoldaşı ilə paylaşım