Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı

Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanıAzərbaycanın hər bir bölgəsi özünəməxsus təbii sərvətləri, tarixi-mədəni irsi, iqtisadi imkanları və milli dəyərləri ilə seçilir. Bu baxımdan Kəlbəcər ölkəmizin ən zəngin və strateji əhəmiyyətli bölgələrindən biridir. Möhtəşəm dağları, sıx meşələri, mineral bulaqları, şəfalı suları, zəngin flora və faunası, əlverişli hidroenerji potensialı və qədim tarixi ilə Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsində xüsusi yer tutur. 25 Noyabr - Kəlbəcər Şəhəri Günü münasibətilə bu qədim diyarın keçmişinə, azadlıq tariximizdəki roluna və gələcək inkişaf perspektivlərinə nəzər salmaq mühüm əhəmiyyət daşıyır. Çünki Kəlbəcərin əhəmiyyəti yalnız onun işğaldan azad edilməsinin tarixi və siyasi nəticələri ilə məhdudlaşmır. Bu bölgə eyni zamanda Azərbaycanın iqtisadi inkişafı, turizm potensialının genişləndirilməsi, yaşıl enerji siyasətinin həyata keçirilməsi və regional inkişaf strategiyasının reallaşdırılması baxımından böyük imkanlara malikdir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Rayonun ən yüksək zirvələrindən olan Camışdağ 3724 metr, Dəlidağ isə 3616 metr yüksəklikdə yerləşir. 3054 kvadratkilometr ərazini əhatə edən rayonun coğrafi mövqeyi, dağlıq relyefi və təbii şəraiti onun zəngin ekosisteminin formalaşmasına səbəb olub. Burada müxtəlif yüksəklik qurşaqlarına uyğun meşəliklər, çaylar, yaylaqlar, mineral və termal su mənbələri mövcuddur. Kəlbəcərin tarixi də onun təbii sərvətləri qədər zəngindir. Ərazidə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənlərinin, 6 min il yaşı olan qaya təsvirlərinin və qədim türk əlifbası nümunələrinin aşkar edilməsi bu torpağın minilliklər ərzində insanların yaşayış və mədəni fəaliyyət məkanı olduğunu təsdiqləyir. Tərtər çayı boyunca qayalarda yerləşən süni mağaralar və müxtəlif dövrlərə aid daş abidələr Kəlbəcərin arxeoloji və tarixi baxımdan böyük əhəmiyyətini göstərir. Kəlbəcər uzun illər Azərbaycanın turizm potensialı baxımından ən cəlbedici bölgələrindən biri hesab olunub. Xüsusilə İstisu mineral suları sovet dövründən etibarən ölkə hüdudlarından kənarda da tanınıb. Təbii temperaturu yüksək olan, minerallarla zəngin bu suların müalicəvi xüsusiyyətləri bölgəyə böyük maraq yaradıb. Lakin 1993-cü ildə rayonun işğal edilməsi nəticəsində Kəlbəcərin turizm infrastrukturu dağıdıldı, sanatoriyalar, istirahət mərkəzləri və digər obyektlər fəaliyyətini dayandırdı.
İşğal dövründə bölgənin təbii və iqtisadi sərvətlərinə vurulan zərər Kəlbəcərin inkişafını uzun illər ləngitdi. Tarixi abidələr, yaşayış evləri, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı. Rayonun zəngin ehtiyatlarından Azərbaycan xalqının və dövlətinin mənafeyi naminə istifadə etmək imkanları aradan qaldırıldı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Kəlbəcərin öz tarixi sahibinə qayıdacağına inamını itirmədi. 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması bu baxımdan yeni tarixi mərhələnin başlanğıcı oldu. Vətən müharibəsində qazanılan Qələbədən sonra bölgədə təhlükəsizliyin və dövlət suverenliyinin təmin olunması onun təbii və iqtisadi potensialının yenidən ölkəmizin inkişafına yönəldilməsi üçün imkan yaratdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə həyata keçirilən layihələr bölgənin gələcək iqtisadi mənzərəsini formalaşdırır. Dövlət başçısının azad edilmiş ərazilərə mütəmadi səfərləri, infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirməsi və yeni obyektlərin açılışında iştirakı Kəlbəcərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu göstərir. Kəlbəcərin iqtisadi potensialının mühüm istiqamətlərindən biri mineral və termal su ehtiyatlarıdır. Bu baxımdan "İstisu" Azərbaycanın ən tanınmış təbii sərvətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal su yataqlarından mənbəyini götürən İstisu təbii halda 60 dərəcədən yüksək temperaturda yer səthinə çıxır. Minerallarla zənginliyi və təbii xüsusiyyətləri bu suyu regionun seçilən mineral su ehtiyatlarından birinə çevirir. İşğaldan sonra İstisu mənbəyinin iqtisadi potensialının yenidən istifadəyə verilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biri idi. 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev "İstisu" mineral su zavodunun təməlini qoydu. 2024-cü ildə zavodda işlər tam başa çatdırıldı və müəssisə istifadəyə verildi. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisədə iki növbəli iş rejimində təxminən 100 nəfər çalışır. İşçilərin əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması layihənin sosial əhəmiyyətini də artırır. Bu müəssisə bir tərəfdən bölgənin təbii sərvətinin iqtisadi dövriyyəyə qaytarılmasına, digər tərəfdən isə yerli əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir. İstisu ərazisində müalicə-istirahət kompleksinin yaradılması da Kəlbəcərin turizm gələcəyinin əsas istiqamətlərindən biridir. Ümumi sahəsi 80 min kvadratmetr nəzərdə tutulan kompleksdə 145 nömrəli hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikintisi aparılır. Kompleksin SPA mərkəzində mineral sularla müalicə, palçıqla müalicə və iqlim müalicəsi istiqamətlərinin inkişafı planlaşdırılır. Bu layihənin reallaşdırılması Kəlbəcəri yalnız yerli deyil, beynəlxalq turizm marşrutları baxımından da cəlbedici məkana çevirə bilər. Müasir tibbi-reabilitasiya xidmətləri, təbii müalicə imkanları, dağ iqlimi və istirahət infrastrukturu bir araya gəldikdə bölgədə sağlamlıq turizminin inkişafı üçün geniş şərait yaranacaq. Bu isə yeni iş yerlərinin açılması, xidmət sektorunun genişlənməsi və yerli iqtisadi fəallığın artması deməkdir.

Kəlbəcərin digər mühüm üstünlüyü hidroenerji potensialıdır. Rayonun dağlıq relyefi və çay şəbəkəsi kiçik su elektrik stansiyalarının yaradılması üçün əlverişli imkanlar formalaşdırır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində həyata keçirdiyi siyasət fonunda Kəlbəcərin bu sahədəki imkanları xüsusi əhəmiyyət kəsb edir. Son illərdə rayonda bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar inşa edilib. Meydan çayı üzərində yerləşən 3,4 meqavat gücündə stansiya, Tərtər çayı üzərindəki 8,33 meqavatlıq "Çıraq-1" və 5,3 meqavatlıq "Soyuqbulaq", Qaraarxac çayı üzərindəki 3,6 meqavatlıq "Çıraq-2" stansiyaları bu istiqamətdə görülən işlərin nümunələridir. Bundan əlavə, 8,6 meqavatlıq "Aşağı Vəng", 8,8 meqavatlıq "Nadirxanlı" və 5 meqavatlıq "Çaykənd" kiçik su elektrik stansiyaları da tikilib. Bu enerji obyektlərinin yaradılması Kəlbəcərin elektrik enerjisi təminatının gücləndirilməsinə, yerli enerji resurslarından səmərəli istifadəyə və bölgənin iqtisadi inkişafına xidmət edir. Eyni zamanda hidroenergetika layihələri ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi siyasətinin tərkib hissəsidir.

Kəlbəcərin inkişafı üçün nəqliyyat infrastrukturu da həlledici amillərdəndir. Bölgənin dağlıq relyefi uzun illər nəqliyyat əlaqələrinin təşkilində müəyyən çətinliklər yaradıb. Buna görə də müasir yol və tunel layihələrinin həyata keçirilməsi Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bu baxımdan strateji layihədir. Uzunluğu 82 kilometr olan yolun tikintisi bölgəyə rahat və təhlükəsiz gediş-gəlişi təmin etmək məqsədi daşıyır. Layihə çərçivəsində inşa edilən beş tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 kilometr, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr təşkil edir. Bu layihənin ən mühüm obyektlərindən biri 11,7 kilometr uzunluğunda olan Murovdağ tunelidir. Uzunluğuna görə dünyanın ən böyük avtomobil tunellərindən biri hesab edilən bu mühəndislik qurğusu nəqliyyat əlaqələrinin daha səmərəli təşkilinə imkan yaradacaq. Tunelin dörd hərəkət zolaqlı olması nəzərdə tutulur. Belə iri infrastruktur layihələri Kəlbəcərin iqtisadi və turizm imkanlarının reallaşdırılmasında mühüm rol oynayacaq.
Turizmin inkişafı yalnız mehmanxanaların və istirahət komplekslərinin tikilməsi ilə məhdudlaşmır. Bu sahənin davamlı inkişafı üçün yol infrastrukturu, kommunal xidmətlər, təhlükəsizlik, ictimai xidmətlər, yerli məhsulların istehsalı və təqdimatı da eyni vaxtda inkişaf etdirilməlidir. Kəlbəcərdə həyata keçirilən layihələrin kompleks xarakter daşıması məhz bu baxımdan əhəmiyyətlidir. Bölgənin turizm potensialının inkişafında kəndlərin və ənənəvi yaşayış məntəqələrinin bərpası da mühüm rol oynayacaq. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, yüzlərlə ailənin burada məskunlaşdırılması nəzərdə tutulur. Yeni yaşayış evləri ilə yanaşı, məktəblərin və uşaq bağçalarının inşası kəndlərdə sosial həyatın bərpasına şərait yaradacaq. Bu kəndlərdə məskunlaşmanın genişlənməsi yerli təsərrüfat ənənələrinin yenidən canlanmasına da imkan verəcək. Kəlbəcərin iqtisadi inkişafı baxımından arıçılıq xüsusi diqqətə layiqdir. Rayonun zəngin dağ florası, təmiz təbiəti və əlverişli iqlim şəraiti keyfiyyətli arıçılıq məhsullarının istehsalı üçün geniş imkanlar yaradır. Kəlbəcər balı uzun illərdir öz keyfiyyəti ilə tanınır. 2025-ci ildə "Balland - Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası"nın açılması bu ənənənin yeni iqtisadi şəraitdə inkişaf etdirilməsinə yönəlmiş addımlardandır. Arıçılıq yalnız kənd təsərrüfatı sahəsi deyil, həm də yerli məşğulluğun, ailə təsərrüfatlarının və kiçik sahibkarlığın inkişafına töhfə verən fəaliyyət növüdür. Bu sahənin müasir texnologiyalar, emal, qablaşdırma və satış imkanları ilə dəstəklənməsi Kəlbəcər məhsullarının daha geniş bazarlara çıxarılmasına şərait yarada bilər.

Kəlbəcərin tarixi-mədəni irsi də turizm potensialının mühüm hissəsidir. Bölgədə yerləşən qədim abidələr, süni mağaralar, qayaüstü təsvirlər və Xudavəng monastır kompleksi müxtəlif tarixi dövrlərin izlərini özündə yaşadır. Bu irsin qorunması, elmi əsaslarla öyrənilməsi və ziyarətçilərə təqdim edilməsi mədəni turizmin inkişafına töhfə verə bilər. Eyni zamanda İşğal və Zəfər muzeylərinin yaradılması bölgənin yaxın tarixinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərin gələcəyini müəyyən edən əsas amillərdən biri də burada insanların daimi məskunlaşmasının təmin edilməsidir. Çünki hər hansı bir bölgənin davamlı inkişafı ilk növbədə orada yaşayan insanların rifahı, məşğulluğu, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığı ilə ölçülür. Bu baxımdan şəhərin 2040-cı ilədək inkişafına dair Baş planda yaşayış sahələri ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, reabilitasiya mərkəzinin, ictimai məkanların və yaşıllıq zonalarının nəzərdə tutulması mühüm yanaşmadır.

Baş plana əsasən, Kəlbəcər şəhərinin ərazisi təxminən 290 hektara, əhalisi isə 17 min nəfərə çatdırılacaq. Şəhərdə 4250 mənzilin yaradılması, 4 məktəbin, 4 uşaq bağçasının və digər sosial obyektlərin tikilməsi planlaşdırılıb. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Bu göstəricilər Kəlbəcərin gələcəkdə müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdiriləcəyini göstərir. Böyük Qayıdış prosesi çərçivəsində Kəlbəcərə sakinlərin köçürülməsi də davam edir. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailə, ümumilikdə 681 nəfər məskunlaşıb. Bu rəqəmlər doğma yurda qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini göstərir. Hər bir ailənin Kəlbəcərə qayıtması bölgənin sosial və iqtisadi həyatının yenidən qurulmasına töhfə verir.

Kəlbəcərin inkişafı Azərbaycan iqtisadiyyatının regional şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Turizm, kənd təsərrüfatı, mineral su istehsalı, hidroenergetika, xidmət sektoru və kiçik sahibkarlığın inkişafı bölgədə yeni iqtisadi fəallıq yaradacaq. Bu sahələrin qarşılıqlı əlaqədə inkişafı Kəlbəcərin gələcəkdə ölkə iqtisadiyyatında daha mühüm mövqe tutmasına imkan verə bilər. Bütün bunlar göstərir ki, Kəlbəcər yalnız keçmiş şöhrətinə qaytarılan bir bölgə deyil, həm də yeni iqtisadi və sosial inkişaf modelinin formalaşdırıldığı məkandır. Burada həyata keçirilən quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin potensialından səmərəli istifadə etmək, həmin əraziləri ölkənin ümumi inkişafına inteqrasiya etmək və sakinlərin rifahını yüksəltmək məqsədinə xidmət edir.

25 Noyabr - Kəlbəcər Şəhəri Günü münasibətilə bu qədim diyarın bütün sakinlərini, uzun illər yurd həsrəti ilə yaşayan kəlbəcərliləri təbrik edirik. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad olunur, qazilərimizin fədakarlığı yüksək qiymətləndirilir. Kəlbəcərin gələcəyi onun təbii sərvətlərinin qorunması, iqtisadi imkanlarının reallaşdırılması, tarixi-mədəni irsinin yaşadılması və insanların doğma torpaqlarında firavan həyatının təmin edilməsi ilə bağlıdır. Bu gün atılan addımlar sabahın Kəlbəcərini formalaşdırır. İnanırıq ki, qədim diyarımız öz zəngin təbiəti, müasir infrastrukturu, turizm imkanları və dirçələn yaşayış məntəqələri ilə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Kəlbəcər Azərbaycanın sərvətidir, milli yaddaşımızın ayrılmaz parçasıdır. Onun azadlığı Zəfərimizin, dirçəlişi isə dövlətimizin quruculuq gücünün təcəssümüdür.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 240   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlayn dərslər uşaqların psixi sağlamlığına necə təsir edir? - ÜST AÇIQLADI

COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır. -ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələ

9 dekabr 2020
.

İlham Əliyev: "Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq"

"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi b

9 dekabr 2020
.

Şamaxıda evə basqın edib qadını çənəsindən bıçaqladılar

Şamaxıda quldurluq hadisəsi baş verib. "Ölkə.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaql

31 avqust 2020
.

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını

6 noyabr 2020
.

İri ticarət mərkəzləri və "Mall"lar sentyabrın 13-dən açılır?-AÇIQLAMA

Sentyabrın 8-dən Azərbaycanda karantin rejimi yenidən yumşaldılır. Belə ki, rayonlara şəxsi avtomobillə gediş-gəliş bərpa edilir, restoran və kafelər əvvəlki qaydada fəaliyyət göstərəcək. Növbəti yumşalmada iri ticarət mərkəzləri də açılacaqmı? . Bununla bağlı -a danışan deputat Azər Badamov bildiri

7 sentyabr 2020
.

Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH

"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etməsilə əlaqəlidir". Bunu "MediaPost"

21 avqust 2020
.

Qondarma rejimin "xarici işlər nazirliyi"nin "Facebook" səhifəsi təsdiqləndi - Etiraz

Dağlıq Qarabağdakı qondarma rejimin "xarici işlər nazirliyi"nin "Facebook" səhifəsi rəsmi olaraq, təsdiqlənib. "MediaPost" xəbər verir ki, bu haqda məlumatı " saytının baş redaktoru Sənan Nəcəfov verib. O bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq informasiy

21 avqust 2020
.

Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxma azalıb

"Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasını

1 fevral 2021
.

Türkiyə XİN başçısı: "Problem yalnız Ermənistan çəkiləndən sonra çözüləcək"

"Bu, dondurulmuş bir ixtilaf (münaqişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür". TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. "Bu problemi

6 oktyabr 2020