Avropada növbəti miqrant böhranı: İğtişaşlar, terror və nümayişlər
Avropanın ən multikultural dövləti olan Böyük Britaniyada gərginlik yaşanır. Avropanı bürüyən miqrant böhranı bu ölkədə də pik həddə çatıb. Belə ki, Sautport şəhərində üç azyaşlı qızın bıçaq zərbəsindən öldürülməsindən sonra ifrat sağçı qüvvələrlə polisin toqquşduğu nümayişlər ölkə boyunca yayılıb. İğtişaşlar London, Liverpul, Mançester, Portsmut, Lids və krallığın digər şəhərlərində, daha sonra isə Şimali İrlandiyada (Belfast, Derri və s.) davam edib.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
"İfrat sağın quldurluğu"
Sosial mediada hadisəni "müsəlman bir mühacir"in törətdiyini iddia edən məlumatlar yayılandan sonra ifrat sağçılar nümayişlərə başlayıb, məscidlərə və miqrantların yaşadığı otellərə hücum ediblər. Onlarla yanaşı, irqçiliyə qarşı olanlar da küçələrə çıxıblar. Həftəsonu baş vermiş iğtişaşlarda onlarla polis yaralanıb, 300-dən çox adam həbs edilib. Baş nazir Keir Starmer baş verənləri "ifrat sağın quldurluğu" kimi qiymətləndirib. O deyib ki, bu iğtişaşlara yol verənlər Britaniyanı təmsil etmirlər və onlar qanun qarşısında cavab verəcəklər. Ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb ki, bəzi nümayişlərdə ifrat sağçılar məscidləri hədəf aldığı üçün yeni qayda tətbiq olunacaq. Bununla da "zorakılıq riski altında olan" məscidlər "sürətli müdaxilə" heyəti tələb edə biləcəklər.
Britaniya hakimiyyəti hazırda açıq şəkildə miqrantların tərəfindədir. Yeni seçilmiş baş nazir Keir Starmer deyir ki, onun hökuməti polisin "ekstremistlər"ə və "nifrət yayanlar"a qarşı fəaliyyətini tam dəstəkləyir. Baş verənlər mediada, sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəziləri, məsələn, amerikalı iş adamı, milyarder İlon Mask hətta baş verənlərdə vətəndaş müharibəsinin proloqunu gördüyünü deyib.
Sautportdakı hücum necə baş verib?
Gərginliyə səbəb olan hadisə yay tətilində uşaqlar üçün sosiallaşma xidməti göstərən mərkəzdə baş verib. Hücumda həyatını itirən uşaqların - Alice Dasilva Aguiarın 9, Bebe Kingin 6, Elsi Dot Stankombenin isə 7 yaşı olub. Hücum zamanı 8 uşaq və 2 böyük yaralanıb.
Polis hücumun "terror hadisəsi kimi qiymətləndirilmədiyini" açıqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb. Lakin azyaşlı olduğu üçün ilk olaraq onun adı açıqlanmayıb. Bu isə sosial mediada spekulyasiyalara səbəb olub. Polis bildirir ki, ifrat sağçı ekstremistlər uşaqları bıçaqlayan hücumçunun "islamçı" olması şayiəsi ilə hərəkətə keçiblər. Hücum edənin adı məhkəməyə gətirildikdən sonra açıqlanıb. Məlum olub ki, o, Ruandadan mühacirət edən ailənin oğlu olan Axel Muganvadır. Axel İngiltərədə doğulub, böyüyüb. Britaniya mətbuatında çıxan xəbərlərə görə, qonşuları onu "sakit uşaq" kimi qələmə verib və ailəsinin xristian olduğunu bildiriblər.
Hökumət "məscidlərə edilən hücumlara dözməyəcəyini" deyir
Baş nazir Keir Starmer ölkədə kütləvi hal almış ultrasağçıların etirazları səbəbindən COBRA komitəsinin təcili iclasını çağırıb. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir. İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edib. COBRA hökumət iclası 13 ildə ilk dəfə keçirilib. Görüşdən sonra baş nazir bir sıra tədbirlərin, o cümlədən bu cür hadisələrlə mübarizə aparmaq üçün polis qüvvələri daxilində mütəxəssislərdən ibarət "daimi ordu"nun yaradılmasının razılaşdırıldığını bildirib. "Biz məscidlərə və ya müsəlman icmalarına edilən hücumlara dözməyəcəyik. Beləliklə, bu iğtişaşlarda iştirak etdiyi aşkarlanan hər kəs qanunun bütün gücü ilə təqib ediləcək", - deyə Starmer bildirib. Baş nazir qeyd edib ki, qanun "həm onlayn, həm də oflayn rejimdəki fəaliyyətlər üçün" tətbiq edilməlidir.
Hadisələrdə digər ölkələrin rolunun olub-olmaması da araşdırılır
Böyük Britaniya hökuməti etirazların artmasına kömək edə biləcək dezinformasiyaların onlayn yayılmasında digər ölkələrin rolunu da araşdırır. "Euractiv" məlumat yayıb ki, Britaniya hakimiyyəti bu barədə sosial şəbəkələrlə əlaqəli şirkətlərə xəbərdarlıq edib, bu cür məlumatların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görməyin vacibliyini də vurğulayıb.
Hökumət amerikalı iş adamı, milyarder İlon Maskın şərhinə də sərt reaksiya verib. Britaniya Baş nazirinin sözçüsü İlon Maskın ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğu ilə bağlı şərhini qınayıb.
Qeyd edək ki, İlon Maskın sahibi olduğu sosial media platforması "X"da yayılan dezinformasiyaların iğtişaşları daha da gücləndirdiyi bildirilir.
"Qərb sivilizasiyasının sonu"
Müşahidəçilər ümid edirlər ki, son illərdə Avropada antimiqrant, ksenofob çağırışları edən sağçı partiyaların nüfuzunun artması Britaniyadan yan keçəcək. Bəllidir ki, artıq sağçı radikalların daha fəal olduğu Almaniyada miqrantlara sığınacaq üçün ayrılan binalar yandırılır. İqtisadi problemlərlə yanaşı, miqrant axınının artması Avropada bir sıra mühafizəkar, sağçı qruplar, hətta yüksəkvəzifəli rəsmi şəxslər tərəfindən "Qərb sivilizasiyasının sonu", "Avropa mədəniyyətinin tənəzzülü", "xristianlığa təhdid", bəzən hətta "ağ irqin yoxa çıxması" şəklində qiymətləndirilir. Bununla da ictimaiyyətdə miqrantlara, fərqli mədəniyyətlərin daşıyıcılarına, başqa irqlərə münasibətdə kütləvi qorxu və qəzəb hissi yaradılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Temperatur 10° enəcək - Xəbərdarlıq
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Keçmiş nazirin oğluna vəzifə verildi