Mehriban Ələkbərzadə gənclərə səsləndi: "Həyatınızı darıxdırıcı etməyin"

Mehriban Ələkbərzadə gənclərə səsləndi: "Həyatınızı darıxdırıcı etməyin""Bilmirəm, sizin yaddaşınızda bu görüş nə qədər qalacaq, amma mən yadınızda səmimi qalmaq istəyirəm. Sizə maraqlı ola da bilərəm, olmaya da. 8 və ya 10-cu sinif şagirdləri üçün bir teatrın baş rejissoru və yaxud bədii rəhbəri nə qədər maraqlı olar, bilmirəm. Məni tanıyan adamlarla ünsiyyətdə daha rahat ola bilərəm. Ona görə, sizinlə münasibətdə bir az həyəcan da var. Çünki anlaşılmaq, başa düşülmək istəyirəm...".

Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Kaspi" qəzeti ilə birgə reallaşdırdığı "Məktəbdə" layihəsinin növbəti qonağı - Azərbaycan Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə deyib. O, məktəblilərlə görüşündə həyəcanını ifadə edib. Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbdə keçirilən görüşdə olan qonaq məktəb illərini xatırlayıb.

Həmin müsahibəni təqdim edirik:

Mən məktəbli olan zaman...
"İnanmıram ki, sizin nəsil mənim uzun illər çəkdiyim sənədli filmlərə baxmış olsun. Valideynləri və müəllimləri istisna edirəm. Mənim 80 seriyaya yaxın sənədli-bədii filmim var", - deyə Mehriban xanım öz yaradıcılığı haqqında qısa məlumat verdi: "Mən orta məktəbdə oxuyanda iki fənni - ədəbiyyat və tarixi çox sevmişdim. Tarixdən ala bilmədiklərimi sonradan öyrənərək ötürməyə çalışdım. Məktəbli olan zaman "Azərbaycan tarixi" Qobustan qayalıqlarından başqa bir şeydən ibarət deyildi. Təbii ki, universitet illərində də tarix dərsi keçilməyə başlandı. Artıq daha çox vətənpərvərliklə danışmaq istəyi vardı. Amma anlayırdım ki, bu hər zaman belə olmayıb. 18-ci əsr Azərbaycan xanlıqları formalaşana qədər başqa mühit idi. Mən xanlıqlar dövrünü araşdırmağa başladım. İlk dəfə maarifləndirmə anlamında filmlər çəkilməyə başlandı".

Qonaq ədəbiyyata marağını da ayrıca vurğuladı: "Mənim atam ədəbiyyatçı deyildi, tamam başqa sahənin adamı idi. Amma bizim evdə bütün yeni çap olunan və klassik ədəbiyyat nümunələrinin hamısı vardı. Evimizin divarları ancaq kitablardan ibarət idi. Atam bizi də oxumağa məcbur edirdi. Hər bazar günü axşam "hansı ədəbiyyatı oxumusan?" - deyə sorğulayırdı. Atam mənə şeir deməyi də öyrədirdi. Ədəbiyyat oxumaq istəyi əvvəlcə məcburiyyətdən yarandı. Valideynlərim məni istədiyim ədəbiyyatı oxumağa qoymurdular, mən də başa düşməsəm belə, onları gizlində oxuyurdum".

Gəlin, söhbət edək...

M.Ələkbərzadə auditoriyaya müraciət edərək "Ən yaxşı söhbət dialoq üzərində qurulur. Monoloqa qalsa, mən çox uzağa gedə bilərəm. Gəlin, söhbət edək...", - deyə şagirdləri dialoqa dəvət etdi.

"Sizcə, müasir gənclik nə istəyir?" - deyə auditoriyadan ünvanlanan suala verilən cavab maraqlı oldu: "Mən gəncləri əsasən dərs dediyim institutun qəbullarında, işlədiyim teatrda gənc kadrların seçimində və sosial şəbəkələrdə görürəm. Fikrimcə, indiki gənclik informasiya bolluğu içərisində azıb. Mən onların, xüsusən yeniyetmələrin seçim edə bilmək intellektinin olmasını arzulayıram. Çünki nə qədər əlimizə vursalar ki, "yandıracaq, götürmə", yenə də bu hissi öldürmək olmaz. İnsanın ruh səsi ona "get, bunu əldə et" deyir. O hissi öldürmək hansısa müəllifi və ya təşəbbüskarı olacağı bir hadisəni əlindən almağa bərabərdir. Necə edək ki, onlar doğru seçim etməyi bacarsınlar? İnanın ki, ən yaxşı açar maarifləndirmədir. Nə qədər çox mütaliə etsəniz, o qədər çox təcrübə qazanacaqsınız. Sizə aydın olacaq ki, görünən müstəvi nəticədir.

Ora gedib çıxmaq üçün çox dolanbac yollar var. Ona görə nəyin ziyanlı, nəyin yararlı olduğu qərarını özünüz verməlisiniz. Müəllimlər çox vacib iş görür, sizi daim o səmtə yönləndirirlər. Burada inam çox vacib amildir. O inamın olması üçün sizin özünüzün də müəyyən bir bazanız olmalıdır. Seçiminiz bundan sonrakı həyat yolunuzu müəyyən edəcək. Mən indi desəm ki, zərərli saytların, informasiyaların ardınca getməyin, siz gedəcəksiniz. Sadəcə, seçim etməyi bacarmalısınız. Bizim beynimiz mədəmizdən ağıllı deyil. Beynimiz nə varsa, hamısını qəbul edir. Mənim gənclərdə görmək istədiyim mütaliədir. Mütaliəsi az olduğundan müasir gənclikdən bir az narazıyam. Çünki onlar spesifik olaraq yalnız öz gedəcəkləri yolun ədəbiyyatını oxumaqla məşğuldurlar. Halbuki çox sayda seçimlər ola bilər. Nə qədər ədəbiyyat oxumuş olsanız, bir o qədər həyat yaşamış insana çevriləcəksiniz. Nə qədər dil bilirsinizsə, bir o qədər çox insanın əvəzinə yaşaya biləcəksiniz. Bu, sizin sonrakı həyatınızda, karyeranızda özünü büruzə verəcək".

"Tələbələrimlə həmkar oluram"

"Müəllimləriniz necə yadınızda qalıb?" - deyə soruşan şagirdin sualına cavabında M.Ələkbərzadə müəllim adının müqəddəsliyindən danışdı: "Mənim sağ qalan müəllimlərimə böyük hörmətim var, həyatdan köçənləri ehtiramla anıram. Hər bir şagirdin daxilinə nüfuz edərək oradan boylanmaq çox çətindir. Mənim belə bir iddiam yoxdur. Öz tələbələrimlə həmkar oluram. Müəllimlərim mənə bu azadlığı verməyib. Mən isə münasibətdə daha çox azad yolu seçirəm. Bildiyimi öyrədirəm və sona qədər onlardan tələb edirəm".

"Həyatınızı darıxdırıcı etməyin"

"İxtisas seçimində valideynlərin istəyi əsasdır, yoxsa gənclərin öz seçimləri? Bizə nəyi tövsiyə edərdiniz?" - sualına da M.Ələkbərzadə maraqlı cavab verdi: "Siz hər biriniz bir sevgidən doğulmusunuz. Biriniz ananızın gözlərinin rəngini daşıyırsınız, biriniz atanıza və ya babanıza daha çox oxşayırsınız. Siz məxsus olduğunuz qanın genetik kodlarını daşıyan məsum varlıqlarsınız. Onu kamil bir varlığa çevirə də bilərsiniz, vecsiz, mənasız bir insana da. Bizim genetik kodlarımız çox dərindir. Dünyanın hər yerində gözəl elmlər, kəşflər var, onlarla qidalanın, onları mənimsəyin, ancaq özünüz olaraq qəbul edin. Özünüzdən sonra kiməsə ötürmək üçün mütləq süzgəcdən keçirin. Süzgəc sizin beyninizdir. Peşə seçiminə həyat tərzi kimi baxın. Yəni bu, əgər konkret olaraq sənət deyilsə, onun içərisində elm varsa, bu, sizin sadəcə maaş ala biləcəyiniz yer yox, həyat tərziniz olsun. Həyat tərziniz kimi seçdiyiniz peşə sizə bütün çətinliklərdən keçməyə kömək edəcək, ən böyük enişlərdən ən uca yüksəlişlərə qədər aparacaq. Bu peşəni seçmisinizsə, demək ki, sevirsiniz. Yer üzündə sevgidən güclü faktor yoxdur. Peşənizi sevsəniz, bu, sizin yaşadığınız ömürdə böyük enerji verəcək. Nə qədər çətin olsa da, işinizi sevəcəksiniz. İnsan sevmədiyi işə gedəndə həyatı darıxıdırcı olur. Həyatınızı darıxdırıcı etməyin. Peşə seçimi çox vacibdir".

"Ürəyinizin səsinə də qulaq asın"

M.Ələkbərzadə öz uşaqlıq arzusunu da xatırladı: "Yeddinci sinfə qədər ibtidai sinif müəllimi olmaq istəyirdim. Sonra başa düşdüm ki, oxuduqlarım məndə yenidən nəyisə yazmaq, çəkmək, göstərmək cəhdi yaradır. Bilmirdim, bunun adı rejissuradır. Amma başa düşürdüm ki, oxuduqlarımla kifayətlənmirəm, onları nəyəsə köçürmək, nəyisə başqa cür qurmaq istəyirəm. Vurğu vurmaq istədiyim şeylər, yenidən şərh etmək istəyim vardı. Yavaş-yavaş görürdüm ki, oxuduqlarımın içindən bir obraz yaradıram. Amma bu, istənilən peşə ola bilər. Anam həmişə təəssüflənirdi ki, mən həkim ola bilməmişəm. Axı mən gəlinciyə iynə vura da bilmirdim. Amma adamlar vardı ki, onlar kimyəvi birləşmələrdə yaşayırdılar. Onlar o sahənin ardınca getdilər, uğurlu da oldular. Mən fizika təmayüllü məktəbi bitirmişəm. O məktəbi bitirən şagirdlər sonradan kosmik tədqiqatlar institutlarında işləyirdilər. Onlar bizə qonaq gəlirdilər. "Biz düşünürdük ki, sən kosmonavt olacaqsan" deyirdilər. Amma mən bilirdim ki, nəyi seçəcəyəmsə, mütləq içində ədəbiyyat və tarix olacaq. İş elə gətirdi ki, öz seçimimdə israrlı oldum. Sizə peşə seçiminizdə israr arzulayıram. Əlbəttə, valideyn daha doğrusunu bilər. O, təbii ki, sizin yaxşılığınızı istəyəcək. Amma ürəyinizin səsinə də qulaq asın. İnsan hansı qərarı verəcəyini özü daha yaxşı bilir".

İnformasiya bolluğunda dürüst seçim

"Əgər bizim dövrümüzün uşağı olsaydınız, yenə rejissuranı seçərdiniz?" - deyə soruşan məktəblinin sualına qonaq "Bu dövrün uşağı olmaq çox çətindir" cavabını verdi: "Mən bunu təsəvvür edə bilmirəm. Elə bilirsiniz, sizin yerinizdə olmaq asan məsələdir? Mənə elə gəlir ki, bu gün doğulsaydım da bu peşəni seçərdim. İnanırdım ki, bu sahəni bacaracağam, öz dövrümə görə həmkarlarımdan fərqlənəcəyəm. Yaxşı mənada kiçik də olsa Azərbaycan mədəniyyətinə bir fayda verəcəyəm. Bu gün görünməsə də, sabah o xeyir görünəcək". M.Ələkbərzadə qeyd etdi ki, ola bilər, 6D formatında holoqrama baxan gənclər üçün teatr maraqsızdır: "Amma teatr canlı sənətdir. Simfonik musiqiyə hamı qulaq asmır. Çünki canlıdır və yerində bütün səslərin sintezini, ruhunu tuta bilirsən. Populyar bir növ deyil, amma bu, insan zəkası üçün bir bünövrə qoyur. Gəncləri teatra gedən görəndə sevinirəm. Çünki onların təxəyyül deyən bir qatı açılır. Bu adi insan düşüncəsindən bir az fərqli düşüncədir. Gəncləri ədəbiyyat oxuyan görəndə sevinirəm. Bugünkü gənclərin meylini görəndə "bəlkə daha doğrusunu onlar eləyir, mən eləməmişəm" düşünürəm. Bizim dövrümüzdə mobil telefon, internet, kalkulyator yox idi. Zaman olaraq mənim dövrüm kitab, vərəq və qələmdən ibarət idi. Bilirsinizmi, sizin içinizdə qalib gənc kimi sayıram? Bu qədər informasiya bolluğunda dürüst seçim edərək, elmin, maarifləndirmənin ən düzgün yol olduğunu bilənləri. Siz Azərbaycan gənci adına bünövrə qoymalısınız".

Kimliyimiz haqqında vizit kartı

"İncəsənətin bəşəriyyətin inkişafında hansı rolu var?" - deyə auditoriyadan ünvanlanan sual qonağı düşündürdü: "Yəqin muzeylərə gedirsiniz. Axı mən 12-15-ci əsrlərdə yaşayan insanların nə ilə nəfəs aldığını bilmirəm. Oxuyuram, amma vizual görüntüm yoxdur. Təsəvvür edin, baxdığın zamana aid rəsm əsərləri sənə həmin dövr haqqında məlumat verir. Düşünə bilmədiyin, ömründə təsəvvür edə bilmədiyin hadisələri gözündə ehtiva edir. Sən ona baxaraq bir dövrü öyrənirsən. Bu, tək rəsm əsəri deyil, daşlar, qəbirlər üzərində, yazılar, işarələr var. Bunlar insanın zövqünün formalaşmasında, özündən əvvəlki tarixə baxışında əvəzsiz rol oynayır. Bu, insanı cilalayır. Zaman keçəcək, yaratdığımız hər şey bizim kimliyimiz haqqında vizit kartına çevriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 13 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı olub

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı qismində çıxış edib. Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəblər

16 iyun
.

Rusiyada hündürlükdən yıxılan azərbaycanlı öldü - Foto

Rusiyada çalışan azərbaycanlı fəhlə ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Ufa şəhərində baş verib. Biləsuvar rayon sakini Kazımov Savad Eynulla oğlu çalışdığı binada hündürlükdən yıxılaraq vəfat edib. Qeyd edək ki, Biləsuvarın Xırmandalı kəndindən olan Savadın 38 yaşı olub. Ailədə 3 övla

16 iyun
.

Sosial mediada etiraz dalğası yaradan iş elanı - FOTO

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda fəaliyyət göstərən bir şirkətin ofis üzrə inzibati köməkçi vakansiyası üçün paylaşdığı iş elanı geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, elana əsasən, vakansiyaya yalnız 18-40 yaş aralığında olan qadın namizədlər müraciət edə bilər

16 iyun
.

"Samur" sərhəd komendantlığı xidməti istifadəyə verilib

16 iyun 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Samur" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib. xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirili

16 iyun
.

Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO

Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN

16 iyun
.

Pensiya yaşı yenidən artırıla bilər? - Açıqlama

"Yaxın illərdə pensiya yaşının 65-dən yuxarı qaldırılması ehtimalı yüksək görünmür". Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli gələn aydan etibarən qadınların pensiya yaşının 65-ə çatdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. İqtisadçı qeyd edib ki, bu

16 iyun
.

Ukraynalı futbolçu ad günündə boğularaq öldü

Ukraynalı futbolçu Vyaçeslav Şarpar 39 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Ukraynanın bir sıra internet nəşrləri məlumat yayıb. Məlumata görə, iyunun 2-də ad gününü qeyd edən idmançı elə həmin gün Yunanıstanın Lutrakion şəhərində dənizdə boğulub. Futbolçunun cəsədi yalnız iyunun 11-d

16 iyun
.

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

İyunun 16-da Böyük Britaniya Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri hədəf alacaq yeni sanksiyalar paketini açıqlayacaq. xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin ofisinin Fransanın Evian şəhərində keçirilən G7 sammitinin açılışı ərəfəsində yaydığı bəyanatda bildirilir

16 iyun
.

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Avtomobil bazarında son vəziyyət AÇIQLANDI

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) may ayı üzrə hesabatına görə, ölkənin avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar daha sabit mərhələyə keçib. Palatadan -a verilən məlumata görə, Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsin

16 iyun