Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA
Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiya operatorları və provayderlər 1 000 manat, eyni pozuntunu bir il ərzində təkrar törətdikdə isə 2 000 manat məbləğində cərimələnə bilərlər. Halbuki mövcud qanunvericilikdə bu pozuntuya görə cərimə 80-150 manat arasında müəyyən edilib. Lakin milyonlarla manatlıq dövriyyəsi olan mobil operatorlar və internet provayderləri üçün bu məbləğlər nə dərəcədə çəkindirici təsirə malik olacaq?
Xidmətin keyfiyyətsiz göstərilməsi nəticəsində vaxtı, pulu və digər imkanları itirən istehlakçının zərəri necə qarşılanacaq? Tətbiq edilən cərimələr şirkətləri xidmət səviyyəsini yüksəltməyə sövq edəcək, yoxsa istehlakçının real hüquqlarının qorunması üçün daha ciddi maliyyə mexanizmlərinə ehtiyac var?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, bu dəyişikliklər kifayət qədər gecikmiş, amma müsbət addımdır. Çünki uzun müddət mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı istehlakçıların ciddi narazılıqları olsa da, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmi real çəkindirici təsirə malik deyildi. Gəlin məsələyə iqtisadi və hüquqi baxımdan yanaşaq. Təsəvvür edin ki, milyonlarla manat dövriyyəsi olan bir mobil operator və ya internet provayderi xidmətin keyfiyyət standartlarını pozduğuna görə cəmi 80-150 manat cərimə olunur. Açıq desək, bu məbləğ həmin şirkətlər üçün hüquqi məsuliyyətdən daha çox, adi bir əməliyyat xərci təsiri bağışlayırdı. Belə olan halda cərimənin pozuntunun qarşısını almaq və şirkəti öz fəaliyyətini dəyişməyə məcbur etmək funksiyası faktiki olaraq zəifləyirdi.
Yeni layihədə isə ilk dəfə olaraq bu məsuliyyətin daha ciddi səviyyəyə qaldırılması nəzərdə tutulur. Təklifə əsasən, xidmət keyfiyyəti müəyyən edilmiş göstəricilərə uyğun olmadıqda vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat, pozuntu inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədildikdə isə müvafiq olaraq 1000 və 2000 manat cərimə ediləcəklər.
Bəs bu məbləğlər ədalətlidirmi?
Mənim fikrimcə, əvvəlki məbləğlərlə müqayisədə artım müsbətdir, lakin milyonlarla manat gəlir əldə edən iri telekommunikasiya şirkətləri üçün 1000 və ya 2000 manat cərimənin kifayət qədər çəkindirici olacağına biraz şübhə ilə yanaşıram.
Burada bir hüquqi prinsipə diqqət yetirmək lazımdır: inzibati cərimənin məqsədi sadəcə dövlət büdcəsinə vəsait toplamaq deyil, hüquq pozuntusunun qarşısını almaq, qanunvericiliyə əməl olunmasını təmin etmək və məsuliyyət yaratmaqdır. Əgər şirkət üçün pozuntunu davam etdirmək daha sərfəlidirsə, tətbiq edilən cərimə öz məqsədinə çatmır. Yəni cərimə pozuntunun iqtisadi baxımdan sərfəli olmasına imkan verməməlidir.
Digər mühüm məsələ isə xidmət keyfiyyətinin necə ölçüləcəyidir. Qanunda keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə yanaşı, onların tətbiqində obyektivlik, şəffaflıq və müstəqil nəzarət mexanizmi də təmin olunmalıdır. Məsələn, internetin sürəti, şəbəkənin əlçatanlığı, rabitənin fasiləsizliyi və xidmətin dayanıqlılığı konkret və ölçülə bilən meyarlarla qiymətləndirilməlidir. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm: şirkətin cərimələnməsi istehlakçının pozulmuş hüququnun bərpası demək deyil. Vətəndaş xidmətin keyfiyyətsiz göstərilməsinə görə pul ödəyirsə, onun ödədiyi məbləğ müqabilində keyfiyyətli xidmət almaq hüququ var. Buna görə də gələcəkdə xidmət keyfiyyəti pozulduqda istehlakçıya kompensasiya, ödənişin mütənasib azaldılması və ya digər hüquqi müdafiə mexanizmlərinin də tətbiqi nəzərdən keçirilməlidir.
Nəticə etibarilə, mən bu dəyişiklikləri dəstəkləyirəm, amma düşünürəm ki, məsələ yalnız cərimələrin 80 manatdan 1000 manata qaldırılması ilə bitməməlidir. Əsas məqsəd mobil operatorları və internet provayderlərini cərimələmək deyil, onları istehlakçıya keyfiyyətli xidmət göstərməyə məcbur edən effektiv hüquqi mexanizm yaratmaq olmalıdır. Vətəndaş pul ödəyirsə, qarşılığında keyfiyyətli xidmət tələb etmək hüququna da malik olmalıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər