"İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi" - DEPUTAT
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.
Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı.
Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuşdur. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır.
Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
"44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi."
"Dəmir yumruq" əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir.
Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Hərbçilərimiz "öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə gedirdilər.
Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz ölümə gedirdilər, "öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.
Prezident İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi dövründə verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.
Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.
Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
"Dəmir yumruq" milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq "Dəmir yumruq" kimi səciyyələndirilir.
Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Burada "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair", "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair", "Ermənistan silahlı qüvvələrinin Gəncəni ballistik raketlərlə bombalaması ilə bağlı", "Şuşanın azad olunması münasibətilə", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı" və "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar (müraciətlər) xüsusi olaraq qeyd olunmalıdır.
Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və "Milli Şura" iştirak etməyiblər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edirdi. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanatda radikalların iştirak etməməsi onların antimilli xislətini ifşa edir.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.
Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində hələ 23 aprel 2023-cü il tarixində "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu. "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror əməliyyatının dayandırılması barədə razılıq əldə olunmuşdur. Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə 2020-ci il 26 noyabr tarixli Qanunu ilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis olunub.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır Sərəncamdan dərhal sonra Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Muzeydə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ümummilli Lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bölgənin inkişafı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətə dair materiallar əks olunacaq. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanacaq. Muzey ekspozisiyaları müxtəlif interaktiv təqdimatlarla müşayiət olunaraq ziyarətçilərə əyani və təsirli şəkildə təqdim ediləcək.
Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq və bu tarixi prosesləri yenidən yaşamağa imkan verəcək. Muzeydə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bölgənin sürətli dirçəlişini əks etdirən xüsusi bölmə də təqdim olunacaq.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı olub.
5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Cavanşir Paşazadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sahili olmayan cəmi bir dəniz var: Harda yerləşir?
Sabah leysan xarakterli yağış yağacaq - HAVA PROQNOZU
Arif Babayevin məzarından GÖRÜNTÜ - VİDEO
Vətəndaş ilə qızıl satıcısı arasında alış-veriş zamanı baş verən maraqlı anlar gündəm oldu - VİDEO
"Sədərək"də fəhlə bankomatdan sahibkarın pullarını oğurladı
Dəm qazının qurbanı olan 18 yaşlı Leylinin - Fotoları
Bu doğum tarixləri "qızıl illər" hesab olunur
Röya Ayxan atası Yaqub Nəcəfovla bağlı danışdı
Çox öskürmək ziyandır
Bakıda yeraltı keçiddə eskalator qırıldı - Xəsarət alanlar var
İşçiləri aparan mikroavtobus aşdı: 12 nəfər yaralandı (YENİLƏNİB)
Doğum evindən maraqlı addım - Foto
Röya: "Adımı çəkmədi, ondan umdum"