Dövlət qulluqçusu olmaq istəyənlər üçün yeni qiymətləndirmə meyarı - EMOSİONAL İNTELLEKT
Dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin yalnız qanunvericilik və məntiq biliklərinin deyil, emosional intellekt bacarıqlarının da qiymətləndirilməsi məsələsi gündəmə gəlib. Bu yanaşmanın məqsədi dövlət qulluqçusu olmaq istəyən şəxslərin ünsiyyət qurmaq, emosiyalarını idarə etmək, stresli vəziyyətlərdə düzgün qərar vermək və vətəndaşlarla davranış bacarıqlarını da nəzərə almaqdır. Lakin emosional intellekt kimi psixoloji xüsusiyyətlərin standart test vasitəsilə nə dərəcədə obyektiv ölçülə biləcəyi suallar yaradır.
Bəs, namizədlərin emosional intellektinin test imtahanı vasitəsilə ölçülməsi nə dərəcədə obyektiv və effektiv ola bilər? Bu bacarıqlar hansı meyarlar əsasında qiymətləndirilməli, yeni yanaşma dövlət qulluğuna daha peşəkar kadrların seçilməsinə necə təsir göstərməlidir? Namizədlər bu dəyişikliyə necə hazırlaşmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, dövlət qulluğuna qəbul zamanı emosional intellektin ayrıca qiymətləndirilməsi prinsip etibarilə müsbət addım kimi dəyərləndirilə bilər. Çünki dövlət qulluqçusu yalnız qanunvericiliyi bilən, nəzəri biliyi yüksək olan şəxs deyil, eyni zamanda vətəndaşlarla ünsiyyət quran, gərgin vəziyyətdə özünü idarə edə bilən, qərar qəbul edərkən ədalətli və məsuliyyətli davranan insandır.
"Vətəndaşın dövlət qurumu ilə ilk təmasda aldığı təəssürat çox vaxt məhz dövlət qulluqçusunun münasibətindən, onu dinləmək və anlamaq bacarığından formalaşır. Bu baxımdan emosional intellektin nəzərə alınması düzgün istiqamətdir. Lakin burada əsas məsələ onun hansı üsulla ölçüləcəyidir.
Emosional intellekt bilikdən fərqli olaraq, davranış və münasibət üzərində qurulan keyfiyyətdir. Buna görə də onu yalnız standart test vasitəsilə tam və dəqiq ölçmək çətindir. Test zamanı namizəd çox vaxt "Necə davranmalıyam?" sualının düzgün cavabını bilir və ya təxmin edir. Real həyatda isə fərqli davrana bilər. Üstəlik, namizəd hansı cavabın sosial baxımdan məqbul olduğunu anlayaraq özünü olduğundan daha ideal göstərə bilər. Ona görə də testin nəticəsi yekun qərar üçün yeganə meyar olmamalı, yalnız ilkin göstərici kimi qəbul edilməlidir. Daha obyektiv nəticə əldə etmək üçün test situasiya əsaslı tapşırıqlar, yəni real iş vəziyyətlərini əks etdirən ssenarilər, müsahibə və praktik yoxlama ilə tamamlanmalıdır.
Qiymətləndirmə meyarları aydın, şəffaf və əvvəlcədən açıqlanmış olmalıdır. Bu meyarlara özünü dərk etmə və idarəetmə, stress və təzyiq altında soyuqqanlı qalmaq, empatiya və vətəndaşı dinləmək bacarığı, komanda daxilində əməkdaşlıq, münaqişələrin konstruktiv həlli və digər keyfiyyətlər daxil edilməlidir. Meyarlar əvvəlcədən məlum olmasa, namizədlər hansı xüsusiyyətlərinə görə qiymətləndirildiklərini bilməyəcəklər. Bu da şəffaflığa və imtahan sisteminə olan etimadı zəiflədə bilər.
Testlərin hazırlanmasında psixoloqların, təhsil və kadr qiymətləndirməsi üzrə mütəxəssislərin iştirakı vacibdir. Eyni zamanda, testlər tətbiq olunmazdan əvvəl sınaq mərhələsindən keçirilməli və onların etibarlılığı yoxlanılmalıdır. Düzgün tətbiq olunarsa, bu yenilik dövlət qulluğuna daha peşəkar və vətəndaşyönümlü kadrların seçilməsinə töhfə verə bilər. Çünki yalnız bilikləri yoxlayan sistem nəzəri biliyi yüksək olsa da, ünsiyyət bacarıqları zəif olan namizədlərin də seçilməsinə səbəb ola bilər.
Namizədlərə isə testə əzbərləmə yolu ilə deyil, real bacarıqlarını inkişaf etdirməklə hazırlaşmağı tövsiyə edərdim. Başqalarını dinləmək, fikir ayrılığı zamanı sakit qalmaq, öz emosiyalarını tanımaq və idarə etmək, tənqidə düzgün reaksiya vermək, komandada işləmək bacarıqlarını gündəlik həyatda da formalaşdırmaq və inkişaf etdirmək vacibdir. Situasiya əsaslı nümunə tapşırıqlarını həll etmək, öz davranışları barədə düşünmək, yaxınlarından, dostlarından və həmkarlarından rəy almaq da faydalıdır.
Əsas məqsəd sadəcə testdən keçmək deyil, həqiqətən də vətəndaşa xidmət edən, ona hörmətlə yanaşan və üzərinə düşən məsuliyyəti daşıyan dövlət qulluqçusu olmaqdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Vəfat edən şəxsin pensiya kapitalı niyə ailəsinə verilmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının fotoları
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Yevlaxda ağır qəzada 2 nəfər öldü