Boğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA
Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bəs, çimərliklərdə təhlükəsizlik səviyyəsinin artırılması üçün hansı sistemli tədbirlər görülməlidir və bu sahədə mövcud problemlərin aradan qaldırılması turizm sektoruna necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayev bildirib ki, çimərliklərdə təhlükəsizliklə bağlı problemlər və boğulma hallarının artması, hamımızı üzür və təəssüfləndirir.
"Uzun illərdir ki, çimərliklərdə bu cür hadisələr baş verir. Hər yay mövsümündə çimərliklərdə xəbərdaredici nişanlar quraşdırılır, insanlara təhlükəsizlik qaydaları barədə məlumat verilir. Biz də bir daha çağırış edirik ki, vətəndaşlar nəzarətsiz və çimmək qadağan olunmuş ərazilərdə, eləcə də dalğalı və küləkli havalarda dənizə daxil olmasınlar. Həmçinin spirtli içki qəbul etdikdən sonra dənizə girməkdən çəkinməlidirlər. Bu qaydalara əməl olunarsa, boğulma hallarının sayı əhəmiyyətli dərəcədə azalar".
Ekspert bildirib ki, baş verən boğulma və ölüm hadisələri, daxili turizmə müəyyən təsir göstərir:
"Çünki bu hadisələr əsasən lokal xarakter daşıyır və xarici turizmə, eləcə də Azərbaycanın beynəlxalq turizm imicinə ciddi təsir etmir. Bununla yanaşı, yay mövsümü başlamazdan əvvəl bütün çimərliklərdə məlumatlandırıcı lövhələrin quraşdırılması, xilasedici postlarının yaradılması, sahilboyu ərazilərin, suyun və qumun təmizlənməsi mütəmadi həyata keçirilməlidir. Bildiyiniz kimi, Xəzər dənizinin suyunun geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan müxtəlif tikili qalıqları, metal hissələr, daş parçaları və digər təhlükəli əşyalar üzə çıxır. Bunların vaxtında təmizlənməsi insanların təhlükəsizliyi baxımından olduqca vacibdir. Eyni zamanda, xilasedici postlarının sayının artırılması və nəzarətin gücləndirilməsi boğulma hallarının qarşısının alınmasına ciddi töhfə verə bilər".
Onun sözlərinə görə, çimərliklərin vahid idarəetmə mexanizminin yaradılması daha məqsədəuyğun olar:
"Hazırda bəzi çimərliklər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyindədir, bəzi ictimai çimərliklər "İDEA" İctimai Birliyi tərəfindən idarə olunur, digər çimərliklər isə fiziki və hüquqi şəxslər tərəfindən icarəyə götürülərək fəaliyyət göstərir. Bununla yanaşı, tamamilə nəzarətsiz sahələr də mövcuddur və insanlar əsasən həmin ödənişsiz çimərliklərdən istifadə edirlər. Məhz bu ərazilərdə nəzarətin zəif olması boğulma riskini artırır".
Cəfər Qarayev qeyd edib ki, problemin həlli üçün iki yanaşma təklif etmək olar:
"Birincisi, dövlət çimərlikləri vahid idarəetmə mexanizmi altında birləşdirərək onların təhlükəsizliyinə birbaşa nəzarət edə, ictimai və ödənişli çimərliklərdə xilasedici postları təşkil edə bilər. İkincisi, əgər bunun üçün dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmayıbsa, nəzarətsiz çimərliklər mikro, kiçik və orta sahibkarlıq subyektlərinə icarəyə verilə bilər. Bu zaman sahibkarlar həmin ərazilərdə zəruri infrastruktur yaradar, xilasedici postlar və avadanlıqlar quraşdırar, peşəkar əməkdaşlar cəlb edərlər. Beləliklə, hər hansı boğulma hadisəsi baş verdikdə operativ və təxirəsalınmaz tədbirlərin görülməsi mümkün olar".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu