"Özbəkistan Azərbaycanın əsas xarici ticarət tərəfdaşları sırasında yer alır" - AÇIQLAMA
"Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu əməkdaşlıq artıq yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır, qarşılıqlı investisiyaları, sənaye kooperasiyasını, nəqliyyat-logistika layihələrini, regional əməkdaşlığı və yeni istehsal zəncirlərinin formalaşdırılmasını əhatə edir", - bunları Sonxeber.az -a danışan iqtisadçı Asif İbrahimov deyib:
"Hazırda Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlərdə mövcud olan yüksək etimad iqtisadi tərəfdaşlığın inkişafı üçün ciddi imkanlar yaradır. 2026-cı ilin iyulunda Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının keçirilməsi də iqtisadi gündəliyin kifayət qədər geniş olduğunu göstərir. Ticarət, investisiya, sənaye, energetika və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Burada ən mühüm məsələlərdən biri qarşılıqlı investisiyaların artırılmasıdır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə fəaliyyəti iki ölkənin biznes dairələri üçün yeni imkanlar yaradır. Şirkətin məqsədləri sırasında yüksək texnologiyalı və idxalı əvəz edən məhsulların istehsalının təşviqi, emal sahələrinin və innovasiyaların inkişafı, ticarət dövriyyəsinin artırılması və xarici investisiyaların cəlb edilməsi xüsusi yer tutur.
Mən hesab edirəm ki, növbəti mərhələdə əsas diqqət sadəcə məhsul mübadiləsinə deyil, birgə istehsalın yaradılmasına yönəlməlidir. Çünki iqtisadi tərəfdaşlığın davamlı modeli məhz əlavə dəyərin iki ölkədə formalaşmasına əsaslanır. Azərbaycan və Özbəkistanın sənaye potensialını, xammal və resurs imkanlarını, insan kapitalını və coğrafi üstünlüklərini birləşdirməsi daha böyük nəticələr verə bilər.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit imkanlarına malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik ölkələrindən biridir. Bu iki imkanın birləşdirilməsi Orta Dəhliz üzrə yükdaşımaların və ticarət əlaqələrinin inkişafına əlavə stimul verə bilər. İki ölkənin hökumətlərarası müzakirələrində də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin yaradılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı xüsusi diqqət mərkəzində olub.
Regionlararası əməkdaşlıq da iqtisadi münasibətlərin yeni və perspektivli istiqamətlərindəndir. Avqust ayında Qubada keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda müxtəlif sahələr üzrə biznes nümayəndələrinin iştirakı, B2B görüşlərin təşkili və yeni sənədlərin imzalanması göstərir ki, artıq əməkdaşlıq yalnız dövlət qurumları səviyyəsində deyil, sahibkarlar arasında da genişlənir.
Ticarət göstəricilərinə gəldikdə isə, Özbəkistan Azərbaycanın əsas xarici ticarət tərəfdaşları sırasında yer alır. 2025-ci ilin yekunlarına əsasən Özbəkistan Azərbaycanın xarici ticarət dövriyyəsində 1,6 faizlik paya malik olub. Bu göstəricinin qarşıdakı illərdə daha da artırılması üçün real potensial mövcuddur.
Bu baxımdan bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq hədəfi də real iqtisadi potensiala söykənən istiqamət kimi qiymətləndirilə bilər. Bunun üçün məhsul çeşidinin genişləndirilməsi, qeyri-neft sektorunda əməkdaşlığın artırılması və sahibkarların birbaşa əlaqələrinin gücləndirilməsi vacibdir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın digər üstün tərəfi ondan ibarətdir ki, iki ölkə bir-birini yalnız hazırkı bazar kimi deyil, üçüncü ölkələrin bazarlarına çıxış baxımından da tamamlayır. Birgə müəssisələrin yaradılması və istehsal olunan məhsulların regional bazarlara çıxarılması gələcəkdə əməkdaşlığın iqtisadi səmərəsini daha da artıra bilər.
Nəticə etibarilə, Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin qarşıdakı mərhələsində əsas hədəf ticarətin həcmini artırmaqla yanaşı, onun strukturunu da dəyişmək olmalıdır. Daha çox investisiya, daha çox birgə istehsal, daha geniş logistika imkanları və daha sıx biznes əlaqələri iki ölkənin iqtisadi tərəfdaşlığını strateji səviyyədə daha da möhkəmləndirə bilər.
Bu münasibətlər həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni iqtisadi əməkdaşlıq modelinin mühüm dayaqlarından birinə çevrilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
"Roşka" ləqəbli tiktokerə hökm oxundu