Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələAzərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu göstərir.
Səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir.
Sənəddə diqqət çəkən məqamlardan biri də tərəflərin öz ərazilərinin digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə olunmasına yol verməmək öhdəliyidir. Bu yanaşma qarşılıqlı etimadın və siyasi həmrəyliyin institusional səviyyədə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müqavilənin başqa bir mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir. Azərbaycan və Özbəkistan münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqliklərini ifadə edirlər. Bu, iki ölkənin beynəlxalq məsələlərdə mövqelərinin yaxınlığını və çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarının genişlənəcəyini göstərən müddəalardan biridir.
Sənədin əhatə dairəsi isə siyasi məsələlərlə bitmir. Əksinə, müqavilənin ən mühüm xüsusiyyətlərindən biri iqtisadi və praktiki əməkdaşlığın çoxsaylı istiqamətlərini özündə birləşdirməsidir. Ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan sənəd Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək iqtisadi modelini də müəyyən mənada ortaya qoyur. Əməkdaşlığın yalnız ənənəvi ticarət dövriyyəsi ilə məhdudlaşdırılmaması, yeni texnologiyalar və innovativ sahələrin də münasibətlərin əsas istiqamətlərindən birinə çevrilməsi diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət və kosmik texnologiyaların sənəddə ayrıca qeyd olunması gələcək əməkdaşlığın daha yüksək texnologiyalı sahələrə doğru genişlənəcəyindən xəbər verir.
Nəqliyyat və logistika isə müqavilənin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Tərəflər yüklərin və sərnişinlərin daha əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etmək, nəqliyyat dəhlizlərinin tranzit potensialını artırmaq üçün qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsinə şərait yaratmağı öhdələrinə götürürlər.
Bu müddəa Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında qarşılıqlı marağını daha da ön plana çıxarır. Azərbaycan öz coğrafi mövqeyinə görə Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarının mühüm halqalarından biri olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadi və demoqrafik mərkəzlərindən biri kimi regiondakı nəqliyyat imkanlarının genişlənməsində xüsusi çəkiyə malikdir. Buna görə də iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi təkcə ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional əlaqələr baxımından da əhəmiyyətlidir.
Müqavilənin iqtisadi gündəliyində "yaşıl" iqtisadiyyatın da yer alması diqqətəlayiqdir. Dünyada iqtisadi inkişaf modellərinin dəyişdiyi, enerji keçidinin və rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə Azərbaycan və Özbəkistanın bu sahələri qarşılıqlı əməkdaşlığın istiqamətləri kimi müəyyənləşdirməsi gələcək layihələr üçün yeni imkanlar yarada bilər.
Digər tərəfdən, sənəd iki ölkə arasındakı münasibətlərin yalnız dövlət qurumları və biznes strukturları səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutmur. Parlamentlərarası əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluğun sosial və ictimai əsaslarının möhkəmləndirilməsi də müqavilədə ayrıca yer alır. Bu isə münasibətlərin dövlətlərarası diplomatiyadan cəmiyyətlərarası əlaqələrə qədər genişləndirilməsi baxımından mühüm məqamdır.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən güclü dayaqlarından biri isə xalqların tarixi, mədəni və dil yaxınlığıdır. Müqavilədə mənəvi, təhsil və mədəni yaxınlığın qorunması, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində mübadilə və əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Xüsusilə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi ilə bağlı müddəa iki ölkənin humanitar əlaqələrinin gələcək istiqaməti baxımından maraqlıdır. Bu addım yalnız dil öyrənilməsi məsələsi deyil. Qarşılıqlı dil biliklərinin genişlənməsi ədəbiyyat, elm, təhsil, media və mədəniyyət sahələrində birbaşa əlaqələrin artmasına da zəmin yarada bilər.
Müqavilədə regionlararası əməkdaşlığa xüsusi diqqət yetirilməsi də münasibətlərin yeni mərhələsinin mühüm elementlərindən biridir. Şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqi əməkdaşlığın mərkəzi hökumətlər səviyyəsindən aşağıya doğru genişlənməsinə imkan verir. Belə münasibətlər konkret layihələrin, qarşılıqlı investisiyaların, biznes əlaqələrinin, təhsil və mədəniyyət mübadilələrinin artmasına şərait yarada bilər.
Turizm də sənəddə ayrıca istiqamət kimi müəyyənləşdirilib. Azərbaycan və Özbəkistanın turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığın təşviq edilməsi iki ölkənin həm tarixi-mədəni irsindən, həm də artan qarşılıqlı maraqdan daha geniş istifadə etməyə imkan verə bilər.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 309   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

23 illik siyasi yol: Güclənən Azərbaycan, bərpa olunan suverenlik

15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. İlham Əliyevin Prezident seçilməsindən ötən 23 il ərzində ölkə iqtisadi, siyasi, hərbi və diplomatik istiqamətlərdə mühüm dəyişikliklər yaşadı. Bu dövrün ən əlamətdar hadisələri sırasında dövlət quruculuğunu

14 oktyabr
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr