Dəfələrlə əridilib-dondurulan qidalar sağlamlıq üçün risk yaradır - VACİB XƏBƏRDARLIQ
Əridildikdən sonra yenidən dondurulan qidaların təhlükəsizliyi son dövrlər istehlakçıların diqqət yetirməli olduğu məsələlərdəndir. Dondurma prosesi bakteriyaları tamamilə məhv etmir, yalnız onların çoxalmasını dayandırır. Məhsul əridildikdə isə uyğun temperatur şəraitində mikroorqanizmlər yenidən aktivləşərək çoxala və qida zəhərlənməsi riskini artıra bilər. Xüsusilə ət, toyuq, balıq və süd məhsullarının düzgün saxlanılmaması ciddi təhlükə yarada bilər.
Bəs, əridildikdən sonra yenidən dondurulan qidalar hansı hallarda insan sağlamlığı üçün təhlükəli hesab olunur? Hansı məhsulların təkrar dondurulması daha risklidir və istehlakçılar qidanın dəfələrlə əridilib-dondurulduğunu necə müəyyən edə bilərlər? Belə halların qarşısını almaq üçün satış məntəqələrində hansı nəzarət mexanizmləri tətbiq edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, məhsulların soyuq qida zəncirinin qırılması onların keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilər.
"İstər balıq, istər ət, istərsə də süd məhsulları olsun, əsas təhlükə məhsul əriməyə başladıqdan sonra yaranır. Çünki dondurulma bakteriyaların böyük hissəsini məhv etmir, yalnız onların fəaliyyətini müvəqqəti dayandırır. Məhsul əriməyə başladıqda, xüsusilə temperatur 5 dərəcədən yuxarı qalxdıqda, əvvəldən mövcud olan mikroorqanizmlər yenidən aktivləşərək çoxala bilir.
Məsələn, ət və ya toyuq otaq temperaturunda bir neçə saat qaldıqdan sonra yenidən dondurulursa, bu proses həmin müddətdə yaranmış mikrobioloji riski aradan qaldırmır. Bəzi mikroorqanizmlərin yaratdığı toksinlər hətta məhsul bişirildikdən sonra da sağlamlıq üçün problem yarada bilər.
Xüsusilə mal və qoyun əti, balıq, süd və süd məhsulları, kremli və tez xarab olan qidalar, eləcə də dəniz məhsulları ilə bağlı soyuq zəncirə xüsusi diqqət yetirilməlidir. Bu məhsulların tərkibində su və qida maddələri çox olduğundan uyğun temperatur şəraitində mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit yaranır. Bu da bakteriyaların sürətlə çoxalmasına səbəb ola bilər.
Ət və toyuq soyuducuda təhlükəsiz şəkildə əridilibsə və temperatur 4-5 dərəcədən yuxarı qalxmayıbsa, onları yenidən dondurmaq mümkündür. Sadəcə bu zaman məhsulun dadında, teksturasında və keyfiyyətində müəyyən dəyişikliklər baş verə bilər. Lakin məhsul otaq temperaturunda əridilib və uzun müddət həmin şəraitdə qalıbsa, onu yenidən dondurmaqla təhlükəsiz hesab etmək düzgün deyil. Çünki bu müddətdə mikroorqanizmlər çoxala, məhsulun dadı və teksturası dəyişə bilər.
Dəfələrlə əridilib-dondurulan məhsullarda yalnız görünüş deyil, qoxu da dəyişə bilər. Bəzi hallarda bu dəyişiklikləri orqanoleptik analiz, yəni məhsulun görünüşü, qoxusu, rəngi və digər xüsusiyyətlərinin qiymətləndirilməsi ilə müəyyən etmək mümkündür. Qablaşdırmanın daxilində həddindən artıq iri buz kristallarının yaranması, məhsulun üzərində çoxlu donvurma izlərinin olması, ət və balığın formasında və rəngində dəyişikliklərin müşahidə edilməsi şübhə doğuran əlamətlərdir. Belə hallarda məhsuldan istifadə etmək düzgün deyil.
Dəfələrlə əridilib-dondurulmuş məhsulda dəyişikliklər həm laborator müayinələr zamanı, həm də bəzi hallarda onun xarici görünüşündə özünü göstərə bilər. İstehlakçı belə məhsullarla qarşılaşdıqda ehtiyatlı davranmalıdır.
Xüsusilə marketlərdə bu məsələyə görə əsas məsuliyyət istehlakçının üzərinə qoyulmamalıdır. Çünki problemlər yalnız market və anbarlarda deyil, distribyutor şirkətlərin fəaliyyətində də yarana bilər. Təəssüf ki, bəzi hallarda, xüsusilə yay aylarında, enerjiyə və avtomobillərin yanacağına qənaət etmək məqsədilə soyuducu sistemlər fasilələrlə işlədilir. Nəticədə məhsulların temperatur rejimi pozulur, ərimə və yenidən donma prosesi baş verir. Bu isə məhsulun təhlükəsizliyini ciddi şəkildə risk altına salır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü
Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
"Hələ yazılacaq çox hekayəm var…" - Sonuncu dəfə bu paylaşımı edib
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Kəlbəcərdə həyat yenidən başlayır