Sosial media hesablarını kiberdələduzlardan necə qoruyaq? - AÇIQLAMA
Son dövrlər sosial şəbəkə istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları diqqət çəkir. Dələduzlar saxta keçidlər, fişinq mesajları, saxta lotereya və kampaniyalar, eləcə də müxtəlif psixoloji manipulyasiya üsulları ilə istifadəçilərin şəxsi məlumatlarını və giriş kodlarını ələ keçirməyə çalışırlar. Hesabın oğurlanması isə şəxsi yazışmaların yayılması, adından pul istənilməsi və digər maliyyə itkiləri ilə nəticələnə bilər.
Bəs, sosial media hesablarını kiberdələduzların hücumlarından qorumaq üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir? İki mərhələli autentifikasiya və güclü şifrələr hesabların müdafiəsində nə dərəcədə effektivdir? Hesabı ələ keçirilən şəxs onu geri qaytarmaq, mümkün zərərin qarşısını almaq və hüquqlarını qorumaq üçün hansı addımları atmalı, hara müraciət etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, müasir dövrdə sosial media hesablarının təhlükəsizliyi olduqca vacib məsələlərdən biridir.
"Kiberdələduzlar insanların şəxsi məlumatlarını əldə etmək, onların adından pul tələb etmək və müxtəlif dələduzluq əməlləri törətmək üçün fərqli üsullardan istifadə edirlər. Son dövrlərdə geniş yayılan üsullardan biri fişinq, yəni saxta linklər vasitəsilə istifadəçilərin məlumatlarının oğurlanmasıdır. Dələduzlar istifadəçilərə hesablarının bloklanacağı, müsabiqədə qalib gəldikləri və ya müəllif hüquqlarını pozduqları barədə saxta mesajlar göndərirlər. Həmin mesajlardakı keçidlərə daxil olaraq şifrəsini yazan şəxs hesabını itirə bilər. Bundan başqa, saxta iş təklifləri, tanış şəxslərin adından göndərilən mesajlar, təsdiq kodlarının tələb edilməsi və zərərli proqramlar vasitəsilə də hesablar ələ keçirilir.
Sosial media hesablarının qorunması üçün ilk növbədə güclü və unikal şifrələrdən istifadə edilməlidir. Ad, soyad, doğum tarixi və telefon nömrəsi kimi asan təxmin edilən məlumatların şifrə olaraq seçilməsi düzgün deyil. Hər bir sosial media hesabı üçün fərqli şifrə təyin etmək tövsiyə olunur.
İki mərhələli autentifikasiya hesabların qorunmasında ən effektiv təhlükəsizlik vasitələrindən biridir. Bu funksiya aktiv olduqda şifrəni bilən kənar şəxsin hesaba daxil olması xeyli çətinləşir. SMS vasitəsilə təsdiqləmə ilə müqayisədə autentifikasiya tətbiqləri və keçid açarlarından (passkey) istifadə daha etibarlı seçimdir. Lakin heç bir təhlükəsizlik vasitəsi hesabın qorunmasına tam zəmanət vermir. Buna görə də istifadəçilər şübhəli linklərə daxil olmamalı, təsdiq kodlarını heç kimlə paylaşmamalı, proqramları mütəmadi yeniləməli və hesaba daxil olan cihazları vaxtaşırı yoxlamalıdırlar.
Əgər şəxsin sosial media hesabı ələ keçirilibsə, ilk növbədə şifrəsini dəyişməli, tanımadığı cihazları hesabdan çıxarmalı və hesabla əlaqəli elektron poçtunun təhlükəsizliyini təmin etməlidir. Hesaba giriş mümkün olmadıqda sosial media platformasının rəsmi dəstək xidmətinə müraciət edilməlidir. Eyni zamanda, dələduzların həmin şəxsin adından pul istəməsi ehtimalına qarşı dostlar və yaxınlar xəbərdar olunmalıdır. Şübhəli yazışmalar, ekran görüntüləri və digər sübutlar saxlanılmalıdır.
Azərbaycanda kibertəhlükəsizlik hadisələri ilə bağlı 1654 qaynar xəttinə və ya www.cert.az internet saytı vasitəsilə aidiyyəti quruma müraciət etmək mümkündür. Dələduzluq, şantaj və ya maddi zərər hallarında isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilməlidir. Bank məlumatları ələ keçirilibsə, dərhal bankla əlaqə saxlanılmalıdır.
Sosial media hesablarının təhlükəsizliyi yalnız texniki vasitələrdən deyil, istifadəçilərin diqqətli və məlumatlı olmasından da asılıdır. Güclü şifrə, iki mərhələli autentifikasiya və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmək kiberdələduzluq riskini əhəmiyyətli dərəcədə azaldır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
Bakıda 29 yaşlı oğlan küçədə öldü
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan