Məktəb direktorları hansı meyarlarla seçilməlidir? - Müəllim və valideynlərin rəyi nəzərə alınmalıdırmı?
Məktəb direktorlarının təyin olunması və bu vəzifəyə namizədlərin seçilməsi məsələsi təhsil sahəsində yenidən müzakirə mövzusuna çevrilib. Paytaxtda 23 ümumtəhsil müəssisəsinə yeni direktorun təyin edilməsi və sabahdan direktorların işə qəbulu üzrə növbəti müsabiqənin elektron qeydiyyat mərhələsinə başlanılması məktəb idarəçiliyində seçim meyarları, rəhbər kadrların peşəkarlığı və təyinatların şəffaflığı məsələlərini gündəmə gətirib. Belə ki, noyabrın 25-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 23 ümumtəhsil müəssisəsinə yeni direktor təyin olunub. Bununla da 2026-2027-ci tədris ili ərzində paytaxt üzrə direktor təyin edilən məktəblərin sayı 27-yə çatıb. Eyni zamanda, noyabrın 27-də saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə elektron sənəd qəbulu başlayacaq. Namizədlər dekabrın 4-ü saat 17:00-dək qeydiyyatdan keçə biləcəklər. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji biliklər, təşkilatçılıq, ünsiyyət, problemlərin həlli, qərarvermə, rəqəmsal və sosial-emosional bacarıqları qiymətləndiriləcək. Elm və Təhsil Nazirliyinin açıqlamalarına əsasən, məktəb direktorlarının seçilməsində yalnız pedaqoji biliklər deyil, liderlik, strateji idarəetmə, təşkilatçılıq, ünsiyyət və problemlərin həlli bacarıqları da nəzərə alınır. Bu isə məktəb rəhbərinin sadəcə tədris prosesinə nəzarət edən şəxs deyil, eyni zamanda kollektivin fəaliyyətini düzgün təşkil edən, təhsil mühitini inkişaf etdirən və idarəetmə qərarları verən rəhbər olmasının vacibliyini göstərir.
Lakin burada diqqət çəkən əsas məqam məktəb direktorunun seçilməsində hansı meyarın daha üstün tutulmasıdır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmaq, müəllim kollektivinin problemlərini yaxından bilmək və tədris prosesində təcrübə qazanmaq direktor olmaq üçün əsas şərt sayılmalıdırmı? Yoxsa müasir məktəbin idarə olunmasında təşkilatçılıq, rəhbərlik və idarəçilik qabiliyyəti daha vacib rol oynayır? Digər mühüm məsələ isə direktorların fəaliyyətinin qiymətləndirilməsində müəllim və valideynlərin fikirlərinin nəzərə alınmasıdır. Məktəbdə gündəlik tədris prosesini yaşayan müəllimlərin, övladlarının təhsilinə görə məsuliyyət daşıyan valideynlərin rəyi direktorun fəaliyyətinin obyektiv qiymətləndirilməsinə kömək edə bilərmi? Direktor təyinatlarında məktəb kollektivinin və valideynlərin mövqeyinin nəzərə alınması şəffaflığı və təhsilin keyfiyyətini artıra bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, mən hesab edirəm ki, məktəb direktorunun uğurlu fəaliyyəti üçün həm pedaqoji təcrübə, həm də idarəetmə bacarığı vacibdir. Lakin müasir dövrdə direktorun yalnız yaxşı müəllim olması kifayət etmir. O, eyni zamanda güclü təşkilatçı, strateji düşünən, düzgün qərarlar verən və insanlarla işləməyi bacaran rəhbər olmalıdır. Məktəb sadəcə tədris müəssisəsi deyil, müəllimlərin, şagirdlərin və valideynlərin maraqlarının uzlaşdırıldığı mürəkkəb bir mühitdir. Buna görə də direktor tədrisin keyfiyyətinə nəzarət etməklə yanaşı, müəllim kollektivinin idarə olunmasını, məktəbdə sağlam psixoloji mühitin yaradılmasını, təhlükəsizliyi və maliyyə resurslarından düzgün istifadəni də təmin etməlidir.
Azərbaycan qanunvericiliyinə əsasən, dövlət ümumi təhsil müəssisələrinin direktorlarının işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Namizədlərin pedaqoji hazırlığı, iş təcrübəsi və idarəetmə səriştələri nəzərə alınır. Xüsusilə "Ümumi təhsil haqqında" Qanun və direktorların əmək funksiyalarını müəyyən edən normativ sənədlər məktəb rəhbərinin tədrisin təşkili, kadrların idarə olunması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məsuliyyətlərini müəyyən edir. Direktorların fəaliyyətinin qiymətləndirilməsində isə yalnız məktəbin akademik nəticələri əsas götürülməməlidir. Müəllimlərin peşəkar inkişafı, şagirdlərin nailiyyətləri, davamiyyət, məktəbdə təhlükəsizlik, kollektivdə münasibətlər və valideynlərlə əməkdaşlıq da mühüm göstəricilər olmalıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məktəblərin keyfiyyət monitorinqi çərçivəsində də təlim nəticələri, tədris prosesi, məktəb mühiti və idarəetmənin keyfiyyəti qiymətləndirilir.
Digər vacib məsələ valideyn və şagirdlərin fikirlərinin bu prosesdə nəzərə alınmasıdır. "Ümumi təhsil haqqında" Qanunun 20-ci maddəsi məktəbdə demokratik və şəffaf idarəetmənin, valideynlərin və digər ictimai iştirakçıların iştirakının hüquqi əsaslarını müəyyən edir. Lakin valideyn və şagird rəylərinin direktorun fəaliyyətinin qiymətləndirilməsində mütləq ayrıca bal kimi hesablanmasını nəzərdə tutan vahid məcburi mexanizm mövcud deyil. Mən hesab edirəm ki, bu istiqamətdə əlavə mexanizmlərin yaradılmasına ehtiyac var. Hər tədris ilinin sonunda valideynlər, müəllimlər və yuxarı sinif şagirdləri arasında anonim sorğular keçirilməli, onların fikirləri məktəbin ümumi nəticələri ilə birlikdə təhlil olunmalıdır. Çünki məktəbin real vəziyyətini yalnız hesabatlar əsasında müəyyənləşdirmək mümkün deyil. Unutmamalıyıq ki, yaxşı direktor sadəcə məktəbdə nizam-intizam yaradan şəxs deyil, müəllimin işləmək, şagirdin öyrənmək, valideynin isə güvənmək istədiyi mühiti formalaşdıran rəhbərdir. Məktəbin uğuru direktorun hesabatlarında deyil, onun rəhbərliyi altında əldə olunan real nəticələrdə görünməlidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
Bakıda 29 yaşlı oğlan küçədə öldü
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan